2 iyun 2011 14:48
Sabiq prezidentdən ağır ittiham!
UEFA-nın sabiq prezdenti Lennart Yohanson, 1998-ci ildə FIFA prezidentliyi uğrunda mübarizə apardığı Zepp Blatteri qurumun üzvlərinə rüşvət dağıtmaqda ittiham edib. Azerisport.az xəbər verir ki, Yohansson da bu qalmaqallı seçkilərə münasibət bildirərkən, kəskin ittihamlar səsləndirib.
Qeyd edək ki, Blatter FIFA tarixinin ən böyük rüşvət qalmaqalının gündəmə gəldiyi bir dönəmdə dünən 4-cü dəfə daha 4 illiyinə dünya futbol qurumuna rəhbərlik etmək hüququna yiyələndi. Lakin bu seçkiyə tək namizəd olaraq qatılaraq, səs çoxluğu ilə prezident seçilən Blatterin başı deyəsən nəinki son, elə əvvəlki əməllərinə görə də çox ağrıyacaq.
Məsələ burasındadı ki, Yohannson bir İsveç televiziyasına müsahibəsində Blatterin 1998-ci il seçkilərində də FİFA üzvü olan ölkələrin nümayəndələrinə rüşvət paylamaqla səslərin çoxluğunu qazandığını bildirib. Onun sözlərinə görə, Blatterin adamları həmin səsvermə günü əksər nümayəndələr xüsusi zərflər bağışlayırmış: “Həmin zərflərin nəyə xidmət etdiyini gözəl bilirdik. Amma əlimizdə konkret dəlil yox idi. Əgər onu rüşvət paylamaqda ittiham etsəydim, vəziyyətimi daha da pisləşdirə bilərdim. Odu ki, bu günə qədər bu haqda heç bir söz demirdim”.
Maraq üçün xatırladaq ki, bu dəfəki FİFA seçkilərində əslində Blatterlə yanaşı daha bir namizəd var idi. Lakin Asiya Futbol Konfederasiyasının da prezidenti olan Bin Hammam seçkiyə qısa zaman qalmış ona qarşı rüşvət iddiası qaldırılan kimi namizədliyindən imtina etmişdi. Əvəzində o, Blatterin özünün belə əməllərlə məşğul olduğunu iddia etmişdi. Lakin hər şeyə rəğmən, o, dünən növbəti dəfə FİFA-ya rəhbərlik hüququ qazandı.
Maraq üçün xatırladaq ki, Blattetin 4-cü dəfə FİFA prezidenti seçilməsindən sonrakı ilk səfəri Azərbaycana olacaq. O, Bakıda Azərbaycan futbolunun 100 illik mərasimlərində iştirak edəcək. Onun prezident seçkilərində isə ölkəmizi AFFA prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edirdi.
