3 iyun 2011 00:03

Berti Foqtslu millimiz üçün tarixi şans

Futbol üzrə Azərbaycan yığması bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız bu seçmə tsikldəki əsas rəqiblərindən olan Qazaxıstan yığmasının qonağı olacaq.
 
Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika və Avstriya ilə eyni qrupda yer alan komandamızın rəqibləri arasındakı ən zəifi elə məhz qazaxlardı. Artıq Almaniya ( səfərdə 1:6), Avstriya (səfərdə 0:3), Türkiyə (evdə 1:0) və Belçika (1:4) ilə ilk oyununu keçirmiş Berti Foqtsun komandası tsikli məhz bu görüşlə yarılamış olacaq. Qazaxıstan isə millimizdən fərqli artıq 5 oyun keçirib və onların hamısında yenilgiylə üzləşib. Özü də maraqlıdı ki, bu görüşlərdə millimizin rəqibi heç qol da vura bilməyib. Millimiz isə ən azı Almaniya və Avstriyaya səfərdə qol vurmasıyla, eyni zamanda doğma meydanda keçirdiyimiz yeganə matçda Türkiyəni məğlub etməsi ilə təsəlli tapa bilir.
 
Odu ki, bu gün keçiriləcək qarşılaşma kifayət qədər prinsipial əhəmiyyətə malikdi. Axı qazaxlar üçün də qrupda yenə biləcəkləri yeganə rəqib məhz Azərbaycan yığmasıdı. Onlar doğma meydanda keçiriləcək qarşılaşmadan nəyin bahasına olursa-olsun xalla ayrılmaq istəyirlər. İlk qol və xal həsrətində olan Miroslav Beranekin komandası hətta yığmamızla doğma meydanda qarşılaşmasına rəğmən, heç-heçə etməyə də razıdı. Bu heç-heçə millimizə də sərf edəcək. Ən azı ona görə ki, komandamız xallarının sayını 4-ə çatdıraraq, 5-ci pillədəki mövqeyini qorumuş olacaq və qazaxlarla aradakı 3 xallıq fərq qalacaq.
 
Amma futbolçularımız bu qarşılaşmada qələbə qazanmaqla daha böyük uğura da imza atmış ola bilərlər. Hər halda Qazaxıstanla səfər heç-heçəsinə nail olmaq bizim üçün artıq keçilmiş yoldu. Çünki AÇ-2008-in seçmə mərhələsində də biz bu rəqiblə qarşılaşmışdıq və həm evdə, həm də səfərdə 1:1 hesablı heç-heçəyə razılaşmışdıq. Düzdü, vaxtilə Karlos Alberto Torresin komandamızı çalışdırdığı dövrdə bu rəqib üzərində qələbə də qazanmışıq. 2004-cü il aprelin 28-də Almatıda keçirilən yoldaşlıq görüşündə futbolçularımız 3:2 hesablı qələbəni bayram etmişdi. Millimizin bu ölkəylə ilk sınağı isə 1993-cü ildə baş tutub. Həmin il iyunun 8-də İranın paytaxı Tehranda keçirilən beynəlxalq turnirdə millimiz Qazaxıstan gənclərdən ibarət komandası (U-21) ilə qarşılaşmışdı ki, görüş 3:3 hesablı məhsuldar heç-heçəylə başa çatmışdı.
 
Lakin bu dəfə artıq rəsmi oyunda qazaxlardan güclü olmağımızı sübut etməliyik. Əks halda, komandamızın kapitanı Rəşad Sadıqovun da bu oyun ərəfəsində qeyd etdiyi kimi, futbolumuzun inkişafına dair müzakirələrdə müsbət hansısa fikrə rast gəlinməyəcək və həmin fikirləri yaxın gələcəkdə dəyişmək də çətin olacaq. Axı çempionatımızın səviyyəsinə görə qabaqladığımız qazaxlardan elə milli komandaların FİFA reytinqindəki siyahısında da xeyli öndəyik. Hər halda Azərbaycan bu cədvəldə 288 xalla 108-ci yerdə qərarlaşsa da, qazaxlar 151 xalla 139-cudu və arada heç də az olmayan bir fərq var.
 
Bütün bunlardan əlavə yığmamız Qazaxıstan üzərində qələbə qazanmaqla yeni rekord da müəyyənləşdirmək imkanına malikdi. Axı millimiz indiyə kimi seçmə mərhələlərdə ən çox 5 xal qazana bilib və Astanada qazanılacaq mümkün 3 xal Azərbaycan futbolu tarixində bir ilkin gerçəkləşməsi ilə nəticələnə bilər. Belə ki, komandamız xallarının sayını 6-ya çatdırmaqla elə tsiklin tam yarısında yeni tarix yazmış olacaqlar. Üstəlik qalan oyunlarda bu rekordu yeniləmək şansına da malik olacaqlar. Təbii ki, qalan oyunlarımızın əksərinin doğma divarlar arasında keçiriləcəyini nəzərə alsaq, illərdi arzulanan bu rekordu reallaşdırmağımız mümkün görünür. Amma buna elə ilk fürsətdəcə, yəni Astanadakı görüşdə nail olmaq daha yaxşı olardı. Axı bu qarşılaşmadan cəmi 4 gün sonra komandamız doğma divarlar arasında qrupumuzun itkisiz irəliləyən yeganə komandası olan Almaniya ilə qarşılaşacaq. Belə vacib görüş öncəsi qazanılacaq 3 xal isə komandamızın üzvlərində böyük inam və ruh yüksəkliyi yarada bilər ki, bunun da faydasından danışmaq yersiz olardı.
 
Qazaxların millimizlə oyun öncəsi müəyyən itkiləri var ki, bu da komandamıza müəyyən üstünlüklər qazandıra bilər. Belə ki, qazaxların əsas qapıçılarından olan David Loriya ilə yanaşı Vladimir Loqinovski, yarımmüdafiəçi Andrey Kaproviç, hücumçu Murat Tleşev də millimizlə görüşdə iştirak edə bilməyəcək. Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek böyük ehtimalla millimizlə görüşə bu start heyətini çıxaracaq: Andrey Sidelnikov, Muxtar Muxtarov, Samat Smakov, Yuri Loqvinenko, Aleksansdr Kirov, Kazbek Qeteriyev, Kayrat Nurdauletov, Ulan Konısbayev, Heynrix Şmitqal, Jambıl Kukeyev, Sergey Xijniçenko.
 
Millimizin baş məşqçisi Berti Foqtsun isə bu baxımdan problemləri o qədər də çox deyil. Düzdü, o da Qazaxıstanla oyun üçün milliyə çağırdığı AZAL-ın müdafiəçisi Usim Nduka, yarımmüdafiəçisi Aqil Nəbiyev, "Bakı"nın arxa xətt oyunçusu Cəmşid Məhərrəmov, eləcə də "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovu heyətdən kənarlaşdırmışdı. Üstəlik, alman "Neftçi"nin gənc yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadənin xidmətindən imtina edib.
 
Komandamızın Astanaya aşağıdakı heyətlə yollandığını da xatırlayaq:
 
Qapıçılar: Fərhad Vəliyev (Qarabağ), Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Abşeron), Aqil Məmmədov (Bakı);
 
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov (hamısı "Neftçi"), Vurğun Hüseynov (Turan), Saşa Yunisoğlu (Qəbələ), Vladimir Levin (İnter), Elnur Allahverdiyev (Xəzər Lənkəran);
 
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi "Qarabağ"), Cavid Hüseynov (Neftçi), Arif İsayev (Qəbələ), Aleksandr Çertoqanov (İnter), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
 
Foqtsun start heyətinə gəlincə, baş məşqçi böyük ehtimalla çərçivəni Kamran Ağayevə həvalə edəcək. Müdafiə xətti Rail Məlikov, Rəşad Sadıqov, Vladimir Levin, Elnur Allahverdiyev dördlüyündən ibarət olacaq. Müdafiəçilərin qarşısında dayaq yarımmüdafiəçisi kimi Ruslan Abışovla Aleksandr Çertoqanov və Rəşad Sadiqov çıxış edəcək. Onlar eyni zamanda mərkəzdən hücumların təşkilində də fəal iştirak etməlidilər. Əfran İsmayılovla Vüqar Nadirov isə hücumda tək olacaq Rauf Əliyevə yardımçı olmağa çalışacaq.
 
Sonda onu da xatırladaq ki, bu gün komandamız 19 illik tarixi ərzində 174-cü rəsmi matçına çıxacaq. Qeyd edək ki, indiyəqədərki 173 oyunda cəmi 30 qələbə qazanan millimiz 43 dəfə heç-heçə etdiyi halda 100 məğlubiyyətə üzülüb. Topların fərqi də komandamız üçün ürəkaçan deyil: 116-308.
 
Baş məşqçi Berti Foqtsa gəlincə, almaniyalı mütəxəssis karyerası ərzində 35-ci dəfə komandamızı meydana çıxarmış olacaq. 2008-ci ilin aprelindən bu postda çalışan Foqts geridə qalan 34 görüşdə 7 qələbə qazanıb, 9 heç-heçə edib, 18 dəfə məğlubiyyətə üzülüb. Topların fərqi isə belədi: 24-54.
 
AÇ-2012-nin seçmə oyunu
A qrupu
3 iyun
 
18:00. Qazaxıstan - Azərbaycan
Hakimlər: Euan Norris, Ceyms Bi, Alasdair Ross, Alan Muir.
Astana. “Astana Arena” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.