2 iyun 2011 00:44
Bundestimin qapıçısı üçün millimizlə oyunöncəsi şad xəbər
Almaniyanın “Bayern” (Münhen) klubu bu ölkənin milli komandasının da əsas qapıçısı olan Manuel Noyeri rəsmən sıralarına qatdığını bəyan edib. Azerisport.az xəbər verir ki, bir neçə ay idi ki, bununla bağlı danışıqlar aparan Bundesliqa təmsilçisi nəhayət istəyinə çatıb.
Özü də maraqlıdı ki, “Bayern” “Schalke”nin şərəfini qoruyan təcrübəli qapıçı ilə yanaşı İtaliyanın “Genoa” klubunun formasını geyinən braziliyalı müdafiəçi Rafinyanın da transferini tamamlayıb.
Almaniya nəhənginin rəsmi internet saytından verilən açıqlamya görə, “Bayern” Noyer üçün “Schalke”yə 18 milyon avroluq transfer haqqı ödəyəcək. Rafinyaya görə isə “Genoa”ya 5.5 milyon avro veriləcək.
Maraq üçün xatırladaq ki, Noyer hazırda Almaniya yığmasının düşərgəsində Avstriya və Azərbaycanla AÇ-2012-nin seçmə oyunlarına hazırlaşır. Onun komandası iyunun 3-də səfərdə Avstriyanın, 7-də isə millimizin qonağı olacaq və sözügedən qapıçı bu görüşlərə artıq tam arxayın çıxa biləcək.
