4 iyun 2011 00:01
Yüzilliyə Foqtssayağı hədiyyə
AÇ-2012-nin seçmə mərhələsinin düz ekvatoruna çatdıq. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi Astanada keçirilən Qazaxıstanla oyunla yer aldığı A qrupunda bütün rəqibləri ilə qarşılaşmış oldu.
Qeyd edək ki, bundan öncə Almaniya, Belçika, Avstriya və Türkiyə ilə qarşılaşan Berti Foqtsun komandası ilk üç matçı səfərdə keçirmiş və hamısında biabırçı hesabla məğlub olmuşdu. Almaniyaya 1:6, Avstriyaya 0:3, Belçikaya 1:4 hesabıyla darmadağın olan komandamız yalnız gözlənilməz şəkildə evdə Türkiyə üzərində sensasion qələbəyə imza atmışdı – 1:0. Qazaxıstan isə millimizdən fərqli artıq 5 oyun keçirmişdi və onların hamısında yenilgiylə üzləşmişdi. Özü də onlar bu görüşlərdə qol da vura bilməmişdi.
Odu ki, millimizin bu komandayla qarşılaşması kifayət qədər prinsipial əhəmiyyətə malik idi. Axı qazaxlar üçün də qrupda yenə biləcəkləri yeganə rəqib məhz Azərbaycan yığmasıydı. Onlar doğma meydanda keçirilən qarşılaşmadan nəyin bahasına olursa-olsun xalla ayrılmaq istəyirdilər. İlk qol və xal həsrətində olan Miroslav Beranekin komandasıyla müqayisədə ən azı heç-heçə etməyi arzulayan millimizdə vəziyyət elə də acınacaqlı deyildi. Ən azı ona görə ki, heç-heçə sayəsində komandamız xallarının sayını 4-ə çatdıraraq, 5-ci pillədəki mövqeyini qoruyacaq, qazaxlarla aradakı 3 xallıq fərq qalacaqdı.
Amma futbolçularımız bu qarşılaşmada qələbə qazanmaqla daha böyük uğura imza atmaq şansına da malik idi. Yığmamız Astanada qələbə qazanmaqla yeni rekord müəyyənləşdirəcəkdi. Axı millimiz indiyə kimi seçmə mərhələlərdə ən çox 5 xal qazana bilmişdi və Astanada qazanılacaq mümkün 3 xal Azərbaycan futbolu tarixində bir ilkin gerçəkləşməsi ilə nəticələnəcəkdi. Belədə komandamız xallarının sayını 6-ya çatdırmaqla elə tsiklin tən yarısında yeni tarix yazmış olacaqdı.
Lakin yığma bəslədiyimiz ümidlərin heç birini doğrultmadı. Qqrupumuzun autsayderi həm qol, həm də xal hesabını elə millimizlə oyunda açmaqla Azərbaycan futbolunun inkişaf etdiyinə dair boş-boş söhbətlərin nə dərəcədə əsassız olduğunu bir daha isbatlamış oldu. İlk yarıda Rauf Əliyevlə 100 faizlik qol şansını qaçıran komandamız fasilədən sonra bunun cəzasını aldı. Sergey Qridinin Qazaxıstan millisindəki debüt matçında vurduğu iki qolun qarşılığında Vüqar Nadirovun qolu yəqin ki, “Qarabağ”n hücumçusunun özündən başqa heç kimi sevindirmədi.
Beləcə, yığmamız Berti Foqtsla daha bir qara səhifə açmış oldu. Çünki əsas komandamız indiyə qədər bu ölkənin təmsilçisinə uduzmadığı halda, bunu da gördük. Maraq üçün xatırladaq ki, AÇ-2008-in seçmə mərhələsində də biz bu rəqiblə qarşılaşmışdıq və həm evdə, həm də səfərdə 1:1 hesablı heç-heçəyə razılaşmışdıq. Hansı ki, o vaxt bu nəticəni Şahin Diniyevli milli üçün uğursuz nəticə hesab edirdik. Elə isə, sual oluna bilər: Foqts hətta Diniyevin də uğurunu təkrarlaya bilmirsə, onda nəyə lazımdı?
Nəzərə almaq lazımdı ki, vaxtilə Karlos Alberto Torresin komandamızı çalışdırdığı dövrdə hətta bu rəqib üzərində qələbə də qazanmışdıq. 2004-cü il aprelin 28-də Almatıda keçirilən yoldaşlıq görüşündə futbolçularımız 3:2 hesablı qələbəni bayram etmişdi. Amma bəzi ağzıgöyçəklərin Azərbaycan futbolunun inkişaf etdiyini car çəkdiyi dövrdə qazaxlar həmin “inkişaf”ın nədən ibarət olduğunu tam aydınlığı ilə göstərmiş oldu. Təsəvvür edin ki, çempionatımızın səviyyəsinə görə qabaqladığımız qazaxlardan elə milli komandaların FİFA reytinqindəki siyahısında da xeyli öndəyik. Hər halda Azərbaycan bu cədvəldə 288 xalla 108-ci yerdə qərarlaşsa da, qazaxlar 151 xalla 139-cudu və arada heç də az olmayan bir fərq var. Amma qazaxlar əsl reallığın bu rəqəmlərdə olmadığını isbatlayaraq, Foqtsa da, onun havadarlarına da çox gözəl qiymət vermiş oldu.
Foqts guya bu dəfə meydana hücumameylli heyət çıxarmışdı. Amma onun start heyətinin nə dərəcədə düzgün qurulmadığı qazaxlarla görüşdə aşkar göründü. “Neftçi”də əsas heyətə düşməyən Cavid Hüseynovun ilk dəqiqələrdən meydanda olmasının nəyə xidmət etdiyini meydandan çıxana kimi heç kim başa düşmədi. Yaxud “Bakı”da heç cür özünü göstərə bilməyən Vaqif Cavadov olsun. Hər iki futbolçunun ehtiyatda qalacağını düşündüyümüz bir anda alman bizi yenə təəccübləndirməyi bacardı. Vüqar Nadirov bu mövsüm sərgilədiyi oyunla hətta “Qarabağ”da da əksər vaxtlarda ehtiyatda qalacaq futbolçu olmadığını isbatlamışdı. Elə bu dəfə də meydana çıxan kimi fərqlənməsiylə bunu sübut etdi. Amma Foqts...
Foqtsun Raili yenə sağda yox, sol cinahda oynatmasının da nə dərəcədə düzgün olmadığını bir daha gördük. Onun Elnur Allahverdiyevi heç 18-liyə də salmayıb, Məlikovu alışmadığı mövqedə oynatması bir daha iflasa uğramış oldu. Çünki “Neftçi”də daim sağda oynayan bu futbolçu əvvəlki oyunlarda olduğu kimi solda heç də lazımı səviyyədə çıxış edə bilmədiyini göstərdi. Rəşad Sadiqovun isə orta sahədə tez-tez top itirməsinin, özünə bənzəməməsinin səbəbini yəqin ki, onun özü daha yaxşı bilir. Hər halda Foqts kimi, onun yetirmələri də bu görüşdə inanılmaz səhvlərlə yadda qaldılar və bu, ancaq təəssüf doğurur.
Qarşıdan Azərbaycan futbolunun yüzillik yubileyi gəlir. Çoxları millimizdən Astanada qələbə gözləyirdi və yubileyə ən böyük hədiyyə kimi bunu gözləyirdi. Amma Berti Foqtsun futbolumuzun yüzilliyinə hədiyyəsi elə onun özünə yaraşacaq şəkildə oldu. Hər halda onun havadarlarının bu yenilgidən sonra ictimaiyyət qarşısında hansı şəkildə hesabat verəcəyi maraqla gözlənilir. Foqts və yetirmələri isə Astana faciəsini ancaq və ancaq qarşıdan gələn Almaniya ilə oyunda unutdura bilər. Axı o, özü də demişdi ki, yubiley üçün ən layiqli hədiyyə kimi həmyerliləri üzərində qələbə qazanmağı görür. İndi buyursun, havadarlarını və özünü xilas etsin.
AÇ-2012-nin seçmə oyunu
A qrupu
3 iyun
QAZAXISTAN - AZƏRBAYCAN - 2:1 (0:0)
Qollar: S.Qridin, 56 (1:0), V.Nadirov, 63 (1:1), S,Qridin, 68 (2:1).
Vərəqə: Heynrix Şmitqal, 77.
Hakimlər: Euan Norris, Ceyms Bi, Alasdair Ross, Alan Muir.
Astana. “Astana Arena” stadionu.
QAZAXISTAN: 12. Roman Nesterenko, 3. Yuri Loqvinenko (21. Mixail Rojkov, 65), 4. Muxtar Muxtarov, 8. Samat Smakov, 10. Marat Xayrullin (2. Aleksandr Kirov, 82), 7. Kazbek Qeteriyev, 6. Kayrat Nurdauletov (k), 11. Ulan Konısbayev, 9. Heynrix Şmitqal, 17. Sergey Qridin, 20. Sergey Ostapenko (19. Sergey Xijniçenko, 78).
Ehtiyat oyunçular: 1. Andrey Sidelnikov, 13. Serxan Mujikov, 15. Jambıl Kukeyev, 16. Maksat Bayjanov.
Baş məşqçi: Miroslav Beranek.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 21. Vladimir Levin, 16. Cavid Hüseynov (17. Vüqar Nadirov, 61), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev (9. Murad Hüseynov, 78).
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 4. Ruslan Əmircanov, 8. Aleksandr Çertoqanov, 13. Vurğun Hüseynov, 19. Rahid Əmirquliyev.
Baş məşqçi: Berti Foqts.
