5 iyun 2011 00:04
3:0 hesablı qələbəyə sevindi, istefa verdi
Vaxtilə Türkiyənin “Beşiktaş” və “Galatasaray” klublarını da çalışdıran Mirça Luçeskunun oğlu Razvan Luçesku Rumıniya milli komandasının sükanı arxasından getdiyini bəyan edib. Azerisport.az xəbər verir ki, onun bu qərarı AÇ-2012-nin seçmə mərhələsinin Bosniya və Herseqovina ilə oyunundan dərhal sonra olub.
Belə ki, komandasının bosniyalılar üzərində 3:0 hesablı qələbəni bayram etməsinə rəğmən, matçdan bir gün sonra vəzifəsindən getdiyini bildirib.
42 yaşlı Razvan Luçeskunun bu addımının Buxarest “Rapid”indən aldığı təkliflə əlaqədar olduğu bildirilir. Belə ki, o, növbəti mövsümdən məhz bu klubu çalışdıracaq.
Onu da qeyd edək ki, Razvan Luçeskunun çalışdırdığı Rumıniya millisi 21 matçda 7 qələbə, 7 heç-heçə, elə eyni sayda da məğlubiyyət görmüş oldu. Maraq üçün onu da bildirək ki, onun boş qalan postuna əsas namizədlərdən biri də "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikdi.
