5 iyun 2011 14:12
Ruslan Abışov: Milli komandadan səfər qələbəsi gözləməyin
Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov bu gün AÇ-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin kapitanı bunları dilə gətirib:
“Düzünü deyim ki, hazırda elə vəziyyətdəyəm, əgər Almaniya ilə oyun olmasaydı, düz iki aylıq ölkədən gedərdim ki, özümə gələ bilim. Astanada bizim günümüz deyildi. Bizdə sadəcə heç nə alınmadı”.
Abışovun sözlərinə görə, futbolçuların baş məşqçinin səhvlərindən danışması düz deyil: “Bu haqda ancaq Beri Foqts özü danışmalıdı”.
Yeni Azərbaycan çempionunun üzvü daha sonra bunları dilə gətirib: “Siz istəyirsiz ki, biz belə oyunla Belçika və Avstriyanı məğlub edək? Bizdən səfər qələbəsi gözləməyin. Çünki futbolumuzun səviyyəsi hələ o həddə çatmayıb. Televizordan hər şey asan görünə bilər. Amma elə deyil”.
Ruslan sonda bunları dilə gətirib: “Biz də qələbə qazanmaq istəyirik. Bilirdik ki, bütün xalq bizə baxır. Amma adam belə oyundan sonra heç vətənə qayıtmaq istəmir. Foqts haqda kim nə deyir bilmirəm. Kim onu təyin edibsə, onlar da qərar verməlidilər”.
