5 iyun 2011 12:41
Əfran İsmayılov: Bəxt və təcrübə çatışmazlığı sözünü dedi
Azərbaycan yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsində Astanada üzləşdiyimiz Qazaxıstan məğlubiyyətindən danışıb. Qeyd edək ki, komandamızın bərbad oyununa rəğmən, heyətdə az-çox fəallığıyla seçilən yeganə futbolçu məhz bu yarımmüdafiəçi idi. Hər halda oyundakı yeganə qolu da məhz onun ötürməsi nəticəsində komanda yoldaşı Vüqar Nadirov vurdu.
“Buraxılan qoldan sonra biz daha fəal oynamağa başlamışdıq. Hər halda biz də onların qapısı qarşısında qol vəziyyətləri yaradırdıq. Sadəcə, onları dəyərləndirə bilmirdik. Rəqib isə əlinə düşən imkanları maksimum dəyərləndirdi və qələbə qazandı” – deyə, Əfran məğlubiyyətin səbəbini bununla izah edir.
İsmayılovun sözlərinə görə, milli uduzduğu üçün o, öz oyununa da qiymət verməkdə çətinlik çəkir. Bunun üçün azarkeşlər var, jurnalistlər var. Amma istənilən halda yaxşı oynadığımla bağlı fikirlərlə razılaşa bilmərəm. Çünki komandamız məğlub olub”.
“Qarabağ”ın üzvü uzun müddət idi zədə səbəbindən oynamadığı yığma üçün darıxdığını deyir: “Düzü, yığma komanda üçün çox darıxmışdım. İndi isə çox təəssüflənirəm ki, qayıdışım qazaxlarla belə arzuolunmaz oyuna təsadüf etdi. Biz çox çalışdıq ki, öz oyunumuzu sərgiləyək. Amma bəzən təcrübə, bəzənsə bəxt çatışmazlığı sözünü dedi”.
Əfran həmçinin Qazaxıstanın onu təəccübləndirdiyini də gizlətmir: “Onlar fiziki cəhətdən çox güclü təsir bağışlayırdılar. İlk dəqiqələrdən sona kimi mübarzə apardılar. Bu üzdən də biz istədiyimiz oyunu sərgiləyə bilmirdik. Şəxsən mən əminəm ki, oyunun əvvəlində Rauf Əliyev qol şansından yararlana bilsəydi, ssenari tam fərqli olacaqdı”.
