7 iyun 2011 00:18
Yenə inamsızıq, amma...
Futbol üzrə Azərbaycan yığması bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız bu seçmə tsikldəki ən güclü rəqiblərindən Almaniyanı qəbul edəcək.
Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan ilə eyni qrupda yer alan komandamız artıq bu rəqiblərinin hamısı ilə ilk görüşünü keçirib. Almanlarla görüşlə millimiz bir növ bu seçmə tsiklin ikinci dövrəsinə start vermiş olacaq. Baş tutmuş oyunlara gəlincə, ilk dueldə məhz bugünkü rəqibimizlə üz-üzə gəlmiş və səfərdə 1:6 hesablı biabırçı yenilgiylə üzləşmişdik. Ardından Avstriya ilə səfər oyununda da darmadağından qaça bilməmişdik - 0:3. Düzdü, məhz bu oyundan 1 neçə gün sonra evdə Türkiyə üzərində sensasion qələbəyə (1:0) sevinmişdik. Amma Belçika (1:4) və Qazaxıstanla (1:2) səfər oyunlarımızda da məğlubiyyətdən qaça bilməmişdik.
Almaniya isə yığmamızdan fərqli artıq 6 oyun keçirib və onların hamısını itkisiz, yəni qələbəylə başa vurub. Yoahim Lövün komandası Bakıda da qələbə qazanmaqla, artıq geridə qalan 3 oyunda uduzsa da belə, AÇ-nin final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaq. Odu ki, bu gün keçiriləcək qarşılaşma Berti Foqtsun həmyerliləri üçün kifayət qədər prinsipial əhəmiyyətə malikdi. Axı Bundestimin əsas məqsədi AÇ-nin final mərhələsinə vəsiqəni Bakıda qazanmaqdı.
Bizim komandada isə hər şey əksinədi. Foqts həmyerliləri ilə qarşılaşmada sadəcə bəraət haqda düşünür. Çünki onun komandası bir neçə gün öncə qrupumuzun autsayderi olan, hələ püşkatmadan bəri 6 xal alacağımızı düşündüyümüz qazaxlara biabırçı şəkildə uduzub. Hansı ki, bu məğlubiyyət bizim üçün nə dərəcədə ağır və qəbuledilməzdisə, bütün dünya mətbuatında da gözlənilməz nəticə kimi qarşılandı. Axı çempionatımızın səviyyəsinə görə qabaqladığımız qazaxlardan elə milli komandaların FİFA reytinqindəki siyahısında da xeyli öndəydik. Hər halda Azərbaycan bu cədvəldə 288 xalla 108-ci yerdə qərarlaşsa da, qazaxlar 151 xalla 139-cu idi və arada heç də az olmayan bir fərq vardı. Amma reallıq göstərdi ki, Foqtsun komandası qazaxlardan da zəif imiş.
Odu ki, indi millimiz bəlkə də futbol tariximizin ən pis göstəricilərindən biri kimi qəbul edilən bu Astana faciəsini unutdurmaq üçün Bakıdakı ikinci oyunda da sürprizə imza atmağı hədəfləyib. Təbii ki, belə biabırçı yenilgidən sonra bu, elə də asan olmayacaq. Ən azı ona görə ki, psixoloji cəhətdən futbolçuların özlərinə gətirilməsi nəinki Foqts, 10 onun kimi mütəxəssisin də bacaracağı iş deyil. Komanda üzərində böyük təzyiqin olduğu gün kimi aydındı. Özü də rəqib Almaniyadı və bu komanda ilə bir neçə gün Avstriya da bacarmadı. Biz isə avstriyalılardan 3 cavabsız qol buraxmışdıq. Odu ki, vəziyyətin nə dərəcədə çətin olduğunu anlamaq elə də çətin deyil.
Amma bir fakt var ki, futbolçularımız elə böyük sürprizə imza atdıqları Türkiyə üzərindəki qələbədən də öncə Vyana darmadağınından çıxmışdılar və o vaxt da komandaya bu şəkildə inamsızlıq var idi. Nəticə isə tam fərqli və heç kimin gözləmədiyi şəkildə oldu. Komandamız qrupumuzun əsas favoritlərindən olan Türkiyəni məğlub yola salmağı bacardı. Düzdü, bunu çoxları qardaş ölkə təmsilçisinin komandamızı lazımı şəkildə dəyərləndirməməsiylə bağladı. Amma hər halda milli üzvləri də həmin gün qələbə qazanmaq üçün böyük əzm nümayiş etdirdilər.
İndi onların yenə həmin əzmkarlığı göstərmələri lazımdı. Düzdü, yəqin ki, almanlara qalib gəlməyimizə heç yığmamızın üzvləri, Foqts özü də inanmır. Amma ən azı vuruşub, doğma meydanda 1 xal qazanmaq mümkündü. Bu, Qazaxıstan məğlubiyyətini tam unutdurmasa da, böyük təsəlli ola bilər və futbolçular da, Foqts da müəyyən mənada tənqidlərdən canını qurtarmış olar. Axı belə olan halda ən azı digər ev oyunlarımızda da bu uğurların davamının gələcəyinə ümid bəsləyə bilərik. Qeyd edək ki, bizim sadəcə Türkiyə ilə səfər oyunumuz qalıb və digər görüşlərimizin hamısını doğma divarlar arasında keçirəcəyik. Bütün bunları nəzərə alsaq, Foqtsun komandası doğma azarkeşlərin gözü önündə bəraət qazanmaq üçün xarakter nümayiş etdirməyə borcludu.
Yeri gəlmişkən xatırladaq ki, almanlarla bu seçmə tsiklə təsadüf edən ilk oyunumuzdan başqa, daha iki dəfə bu komandadan məğlubiyyət acısı dadmışıq. Belə ki, ötən seçmə mərhələdə də Berti Foqts məhz həmvətənləri ilə mübarizə aparırdı. O vaxt səfərdə Bundestimə 4 cavabsız qolla məğlub olmuşduq. Doğma divarlar arasında isə 0:2 hesabıyla yenilmişdik. Ümid edək ki, bu dəfə heç olmasa ev oyununda fərqli nəticə qazana biləcəyik.
Sonda onu da qeyd edək ki, Almaniya millisi Bakıya heç də optimal heyətlə gəlmədiyi üçün bunun da sensasiyaya imza atmağımıza töhvəsi ola bilər. Məsələ burasındadı ki, Löv öncə komandasının düşərgəsinə 23 futbolçu çağırsa da, onlardan qapışı Tim Vize, həmçinin yarımmüdafiəçilər Kristian Traş, Sven Bender, Bastian Şvaynştayger, Marko Roys və hücumçu Miroslav Kloze millimizlə oyunda iştirakdan məhrum olub. Bunlardan əlavə Sami Xediranın da qarşıdakı görüşdə iştirakı sual altındadı. İxtiyarındakı futbolçuların heç “18-liy”i də doldurmadığını görən Bundestimin çalışdırıcısı Bakıya gətirdiyi heyətə iki yeni oyunçu daxil edib. Bunlar “Hoffenhaim”dan Sebastyan Rudi və “Mainz”dan Lyuiza Holtbidi.
Millimizin baş məşqçisi Berti Foqtsun isə bu baxımdan problemləri o qədər də çox deyil. Düzdü, o da Qazaxıstan və Almaniya ilə oyun üçün milliyə çağırdığı AZAL-ın müdafiəçisi Usim Nduka, yarımmüdafiəçisi Aqil Nəbiyev, "Bakı"nın arxa xətt oyunçusu Cəmşid Məhərrəmov, eləcə də "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovu heyətdən kənarlaşdırmışdı. Üstəlik, alman "Neftçi"nin gənc yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadənin xidmətindən imtina edib. Astanadakı oyunda sağlamlığında kiçik problem olan Elnur Allahverdiyev də Bundestimə qarşı forma geyə biləcək. Odu ki, millimizin meydana optimal heyətlə çıxacağına ümid bəsləyə bilərik.
Komandamızın hazırda düşərgəsində yer alan futbolçuların tam siyahısı isə belədi:
Qapıçılar: Fərhad Vəliyev (Qarabağ), Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Abşeron), Aqil Məmmədov (Bakı);
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov (hamısı "Neftçi"), Vurğun Hüseynov (Turan), Saşa Yunisoğlu (Qəbələ), Vladimir Levin (İnter), Elnur Allahverdiyev (Xəzər Lənkəran);
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi "Qarabağ"), Cavid Hüseynov (Neftçi), Arif İsayev (Qəbələ), Aleksandr Çertoqanov (İnter), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran);
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
Foqtsun start heyətinə gəlincə, baş məşqçi böyük ehtimalla çərçivəni Kamran Ağayevə həvalə edəcək. Müdafiə xətti Rail Məlikov, Rəşad Sadıqov, Vladimir Levin, Elnur Allahverdiyev dördlüyündən ibarət olacaq. Müdafiəçilərin qarşısında dayaq yarımmüdafiəçisi kimi Ruslan Abışovla Aleksandr Çertoqanov və Rəşad Sadiqov çıxış edəcək. Onlar eyni zamanda mərkəzdən hücumların təşkilində də fəal iştirak etməlidilər. Əfran İsmayılovla Vüqar Nadirov isə hücumda tək olacaq Rauf Əliyevə yardımçı olmağa çalışacaq. Düzdü, qazaxlarla dueldə baş məşqçi Elnuru ehtiyatda saxlayıb, həmin mövqedə Raili oynadırdı. Amma bu gedişin nə dərəcədə uğursuz olduğunu görən Foqts oyundan öncə söz verib ki, almanlarla dueldə buna əl atmayacaq. Onun yenə Çertoqanovu ehtiyatda saxlayıb, Cavid Hüseynovu oynatması da inandırıcı görünmür. Ən azı ona görə ki, Hüseynov Astanadakı görüşdə heç nə ilə yadda qalmadı. Vüqar Nadirov isə Vaqifi ehtiyatda oturtmağa layiq olduğunu elə Qazaxıstana qol vurmaqla isbatlamış oldu. Amma yenə baş məşqçinin Foqts olduğunu unutmayaq və ondan əndrəbadi start heyətinə əl atmağın istisna olmadığını qeyd edək.
Sonda onu da xatırladaq ki, bu gün komandamız 19 illik tarixi ərzində 175-ci rəsmi matçına çıxacaq. Qeyd edək ki, indiyəqədərki 174 oyunda cəmi 30 qələbə qazanan millimiz 43 dəfə heç-heçə etdiyi halda 101 məğlubiyyətə üzülüb. Topların fərqi də komandamız üçün ürəkaçan deyil: 117-309.
Baş məşqçi Berti Foqtsa gəlincə, almaniyalı mütəxəssis karyerası ərzində 36-cı dəfə komandamızı meydana çıxarmış olacaq. 2008-ci ilin aprelindən bu postda çalışan Foqts geridə qalan 35 görüşdə 7 qələbə qazanıb, 9 heç-heçə edib, 19 dəfə məğlubiyyətə üzülüb. Topların fərqi isə belədi: 25-56.
AÇ-2012-nin seçmə oyunu
A qrupu
7 iyun
22:00. Azərbaycan – Almaniya
Hakimlər: Mixail Koukoulakis, Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
| 1 | Almaniya | 6 | 6 | 0 | 0 | 19 | - | 2 | 18 |
| 2 | Belçika | 7 | 3 | 2 | 2 | 15 | - | 10 | 11 |
| 3 | Türkiyə | 6 | 3 | 1 | 2 | 9 | - | 7 | 10 |
| 4 | Avstriya | 6 | 2 | 1 | 3 | 10 | - | 10 | 7 |
| 5 | Azərbaycan | 5 | 1 | 0 | 4 | 4 | - | 15 | 3 |
| 6 | Qazaxıstan | 6 | 1 | 0 | 5 | 2 | - | 15 | 3 |
