7 iyun 2011 02:01
Blatterlə Platini Bakıda keçiriləcək DÇ-dən danışdı (FOTOREPORTAJ)
“Excelsior” otelində FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin Azərbaycan futbolunun 100 illik yubileyinə və 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında səsləndirilən fikirləri bir daha diqqətinizə çatdırırıq:
Rövnəq Abdullayev (AFFA-nın prezidenti): «Bu gün Azərbaycanda möhtəşəm bir gündür. Futbolumuzun 100 illik yubileyini qeyd edirik. Bu tədbirlərdə iştirak etmək üçün dəvətimizi qəbul edərək ölkəmizə gələn FİFA və UEFA prezidentlərinə minnətdarıq. Biz həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA səviyyəsində dəstəyi hər zaman hiss edirik. Bu dəstək həmişə yüksək səviyyədə olub. Buna görə cənab Yozef Blatter və cənab Mişel Platiniyə minnətdarlığımızı bildiririk”.
Yozef Blatter (FİFA-nın prezidenti): «Biz Azərbaycana səfərimizlə futbola diqqətimizi göstərdik. FİFA, UEFA və AFFA burada sanki bir-birinə, futbol dili ilə desək, ötürmə verərək futbolu birgə inkişaf etdirməyə çalışır. Bu gün açılış mərasimini keçirdiyimiz «Dalğa Arena»da U-17 qızlar arasında dünya çempionatının final mərhələsi keçiriləcək və bu, vacib amildir. AFFA-nın bu mötəbər yarışı keçirməklə bağlı təşəbbüs göstərməsi çox önəmli və ilk addımdır. Əminəm ki, gələn il Azərbaycanda dünya çempionatı yaxşı səviyyədə təşkil olunacaq. Ölkəniz gələn il Avropa mahnı müsabiqəsini də təşkil edəcək. Bütün bunlar Azərbaycan üçün çox vacibdir. Gələcəkdə beynəlxalq səviyyədə daha vacib oyunları, turnirləri təşkil edə bilərsiniz. Ancaq hər şey addım-addım olmalıdır. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev futbolun inkişafına böyük dəstək verir və bu baxımdan ölkənizdə futbolun daha böyük nəticələr əldə etməsi üçün əlverişli şərait var».
Mişel Platini (UEFA-nın prezidenti): «Azərbaycana növbəti dəfə gəldiyimə görə çox şadam. FİFA prezidenti Yozef Bllatterlə birgə buraya gəlməyimizin 4 səbəbi var. Birincisi, Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev və AFFA-nın prezidenti cənab Rövnəq Abdullayevlə görüşlərimiz oldu. İkincisi, futbolunuzun 100 illik yubileyini sizinlə birgə qeyd edirik.
«Dalğa Arena» kimi gözəl stadionun açılışında iştirak etdik. Bu arenanın inşasına UEFA səviyyəsində dəstək olub. «Dalğa Arena» çox yaxşı inşa edilib, ən əsası, stadionda gözəl atmosfer var. Sevindirici məqam odur ki, stadion elə-belə yerdə yox, dəniz kənarında tikilib. Yəni insanlar oraya ailəliklə gələcəklər və bu, müsbət haldır. Daha bir səbəb 65 minlik Olimpiya stadionunun təməlqoyma mərasimində iştirak etməyimiz idi və çox sevindirici haldır ki, gələcəkdə belə gözəl arenanız olacaq. Ölkə Prezidentinin və AFFA rəhbərliyinin infrastruktura belə diqqət yetirməsi yalnız alqışlana bilər. Futbolunuzun 100 yaşı olsa da, federasiyanız çox gəncdir. AFFA 1994-cü ildən FİFA və UEFA-nın üzvüdür. Bununla belə, futbolunuza göstərilən diqqətə görə fəxr edə bilərsiniz».
