7 iyun 2011 23:53
Millimiz yenə alman maşını ilə bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu seçmə tsikldəki ən güclü rəqiblərindən olan Almaniyanı qəbul edib.
Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan ilə eyni qrupda yer alan komandamız artıq bu rəqiblərinin hamısı ilə ilk görüşünü keçirmişdi. Almanlarla görüşlə millimiz bir növ bu seçmə tsiklin ikinci dövrəsinə start verdi.
Komandamız bir neçə gün öncə Qazaxıstan məğlubiyyətini unutdurmaq üçün əlindən gələni etdi. Hətta almanlara bu dəfəki matçda da qol vurduq. Amma alman maşını yenə nəticədə qalib gələn tərəf oldu.
AÇ-2012-nin seçmə mərhələsi
А qrupu
7 iyun
AZƏRBAYCAN – ALMANİYA - 1:3 (0:2)
Qol: M.Özil, 30 (0:1), M.Qomes, 41 (0:2), M.Hüseynov, 89 (1:2), A.Şörl, 90+3 (1:3).
Hakimlər: Mixail Koukoulakis, Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
АZƏRBAYCAN: 1. Кamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 15. Ruslan Abışov, 8. Aleksandr Çertoqanov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 9. Murad Hüseynov, 18. Maksim Medvedev, 20. Arif İsayev, 21. Vladimir Levin.
Baş məşqçi: Berti Foqts.
ALMANİYA: 1. Мanuel Noyer, 4. Denis Aoqo, 16. Filip Lam (k), 5. Mats Hummels, 18. Toni Kroos, 13. Tomas Müller, 10. Lukas Podolski, 8. Mesut Özil, 23. Mario Qomes, 14. Holger Badştuber, 21. Benedikt Hevedes.
Ehtiyat oyunçular: 22. Rene Adler, 2. Marsel Şmelser, 3. Arne Fridrix, 9. Andre Şörl, 17. Sebastyan Rudi, 19. Mario Qotse, 20. Lyuis Holtbi.
Baş məşqçi: Yoahim Löv.
Hər iki ölkənin dövlət himnləri səsləndirilir
1. Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
3. Komandamız hələ ki, müdafiə olunur və meydanın özünə aid hissəsindən çıxmaqda çətinlik çəkir
6. Əfran İsmayılova qarşı qayda pozuntusuna görə cərimə zərbəsi. Ruslan Abışovun cərimə zərbəsindən sonra müdafiəçilər topu geri qaytarsa da, Çertoqanovun uzaqdan zərbəsində azacıq dəqiqlik çatışmadı
7. Millimiz təşəbbüsə yiyələnib və ardıcıl hücumlar qurur
7. Almanların hücumu təhlükəli alına bilərdi. Kamran Ağayev vaxtında topa çıxa bilir
8. L.Podolskinin uzaqdan zərbəsi çox pis alınır
9. V.Nadirovun uzaqdan zərbəsi tirdən qayıdır
10. Künc zərbəsi zamanı V.Hüseynovun zərbəsini Noyer tutur
11. Hummels E.Allahverdiyevə qarşı qaydanı pozur
11. V.Cavadovun qapı qarşısına ötürməsini müdafiəçilər qaytarır
12. Y.Löv komandasının oyununa əsəbləşir
12. Millimiz oyuna çox fəal başlayıb. Sona kimi belə oynasaq, nəyəsə ümid edə bilərik
13. R.Əmirquliyev meydanın mərkəzində qayda pozuntusuna yol versə də, almanların cərimə zərbəsi təhlükəli deyil
15. İlk 15 dəqiqədə qol buraxmamağımız komandamızı müəyyən qədər ruhlandıra bilər
18. Çertoqanov T.Kroosa qarşı təhlükəli nöqtədə qaydanı pozur. Cərimə zərbəsini zərərçəkən özü yerinə yetirir. Kamranın da toxunduğu top qapı dirəyinə dəyərək geri qayıdır
20. R.Sadıqov da Müllerə qarşı daha təhlükəli yerdə qaydanı pozur. Bu dəfə cərimə zərbəsini Podolski yerinə yetirir. Top canlı səddən geri qayıdır
21. V.Hüseynov artıq hərəkətlə Mülleri keçməyə çalışsa da, topu itirir və qaydanı da pozur
22. V.Nadirovun sol cinahdan sürət yığmasına B.Hövedes qaydanı pozmaqla mane olur və matçda sarı vərəqə alan ilk futbolçu olur
23. Çertoqanovun elə də qüvvətli olmayan zərbəsi qapının yanından keçir
24. Almanların kəskin hücumunun qarşısın müdafiəçilərimiz alır
25. V.Nadirovun uzaqdan zərbəsi dəqiq alınmır
28. Kroosun uzaqdan zərbəsini Kamran əla reaksiya ilə kornerə çıxarır
29. Almanların ilk künc zərbəsi bəhrəsizdi
30. M.Özil topu ələ keçirib iti bucaq altında topu tora qovuşdurur - 0:1
35. M.Qomes oyundankənar vəziyyətə düşür
38. Özilin asmasına Qomesin baş zərbəsi vurmaq istəyi alınmır
38. Komandamız deyəsən qol buraxdıqdan sonra həvəsdən düşüb və hücuma atılmağa elə də həvəsli görünmür
40. Aoqonun sol cinahdan asmasını Qomes başla tora qovuşdurmaq istəsə də, zərbəsi dəqiq alınmır
41. Özilin sol cinahdan iti ötürməsini M.Qomes bir toxunuşla tora qovuşdurur - 0:2
43. Artıq mərkəzi arenada "istefa" şüarları yüksəlməyə başlayıb
44. Çertoqanov qol vurmaq üçün əla şansa malik olsa da, zərbəsində dəqiqlik çatışmır
45. Matçın ilk yarısına 1 dəqiqə əlavə olunur
45+1. Özilin dublunu rəsmiləşdirməsinə son anda Sadıqov mane olur
45+1. Nadirovun asmasını V.Cavadov başla qapıya göndərmək istəsə də, zərbəsində dəqiqlik çatışmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Almanlar ikinci hissəyə hücumlarla başlayıb
48. Müllerin zərbəsi qapının üstündən keçir
51. Kamran Podolskinin təhlükəli ötürməsinin qolla nəticələnməsinin qarşıını alır
52. Noyer çox kobud səhvə yol versə də, bundan yararlana bilmirik
56. Komandamız cərimə zərbəsini yerinə yetirir. Lakin Ruslanın qapı qarşısına ötürməsi dəqiq alınmır
57. Qomesin zərbəsini Kamran tutur
58. Millimizin ilk əvəzetməsi: Əfranın əvəzində Arif İsayev meydana daxil olur
61. Mərkəz müdafiəçisi (!) F.Lam Kamranla üz-üzə qalsa da, son anda müdafiəçilərimiz qola imkan vermirlər
64. V.Nadirov qapıçıyla üz-üzə qalıb hesabı açsa da, hakimlər ofsayd qeydə alır
65. V.Nadirov bu "qola" görə sarı vərəqə alır
66. V.Nadirovun uzaqdan zərbəsini Noyer tutur
67. Komandamız son dəqiqələrdə yenidən fəallığı artırıb. Vaqif də Noyeri uzaqdan sınamağa qərar verir. Amma qapıçı qola imkan vermir
69. Qomes Kamranla üz-üzə qalsa da, qapıçımız qola imkan vermir
70. Künc zərbəsi zamanı Hövedesin başla fərqlənmək istəyi alınmır
71. Almanların daha bir təhlükəli zamanı hər şey bizim üçün yaxşı bitir
72. B.Foqts Vaqif Cavadovu Murad Hüseynovla əvəzləyir
75. Özilin ikinci qolu vurmaq üçün gözəl fürsəti olsa da, yararlana bilmir
76. Almanların heyətində ilk əvəzləmə: Podolskinin Şörl əvəzləyir
77. Komandamızın əla hücumu...Çertoqanovun bərbad zərbəsi ilə nəticələnir
78. Lam mərkəz müdafiəçisi yox, mərkəz hücumçusu kimi çıxış edir
79. Çertoqanov Sadıqovun əla ötürməsini boşa verir
81. Özili M.Qotse əvəzləyir
86. Millimizin çox təhlükəli hücumu zamanı M.Hüseynovun həlledici zərbəsində azacıq dəqiqlik çatışmır
86. Komandamızın heyətində son dəyişiklik: Çertoqanovu Rəşad Sadiqov əvəzləyir
88. Almanlar da son dəyişikliyini edir: Mülleri Holtbi əvəzləyir
89. Qonaqların qapısı qarşısında qarışıqlıq zamanı M.Hüseynov hesab arasındakı fərqi azaldır - 1:2
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Komandamız hesabı bərabərləşdirmək üçün irəli atılsa da, üçüncü qolu buraxır. Müdafiəçilərin, Kamranın geri qaytardığı topu Şörl tora qovuşdurur - 1:3
Matç başa çatdı
