6 iyun 2011 20:47
Platini: Ola bilsin ki, Almaniya ilə görüşdə qələbə qazandınız
Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin iştirakı ilə mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Abdullayev bu günü “Azərbaycan futbolunun ən möhtəşəm günü” adlandırıb.
AFFA prezidenti futbolumuzun 100 iliyi ilə əlaqədar Azərbaycana gələn Blatter və Platiniyə minnətdarlıq edib, futbolumuza FİFA və UEFA-dan hər zaman dəstək hiss etdiklərini deyib.
Mişel Platini isə Azərbaycana səfərinin 4 məqsədi olduğunu vurğulayıb. Bunlardan birincisi Azərbaycan prezidenti və AFFA ilə dostluğu, ikincisi futbolumuzun 100 illiyi, üçüncüsü Mərdəkandakı “Dalğa Arena”nın açılışında iştirak, dördüncü isə 65 min yerlik stadionun təməlqoyma mərasiminə qatılmaqdı.
Platini bildirib ki, “Dalğa Arena”nın dəniz kənarında yerləşməsi çox əlverişlidi. Bura istirahətə gələn ailələrin övladları futbol oynayacağı vaxt valideynlər də istirahət edə biləcəklər. Bakıda təməli qoyulan stadiondan da danışan Platini bunları deyib: “Siz fəxr etməlisiniz ki, İlham Əliyev və Rövnəq Abdullayev ölkədəki idman infrastrukturuna belə diqqətlə yanaşırlar”.
Platininin sözlərinə görə, Azərbaycan UEFA-ya 1994-cü ildə qəbul olunub və çox az müddətdə xeyli işlər görülüb: “Təbii ki, siz Qazaxıstanla oyunun nəticəsinə görə məyus olmusunuz. Hərdən uğursuzluq da olur. Bilirəm ki, Türkiyəni məğlub edəndən sonra iki gün qələbəni qeyd etmisiniz. Futbolda heç nəyi əvvəldən bilmək olmaz. Ola bilsin ki, Almaniya ilə görüşdə qələbə qazandınız”.
Platini həmçinin Azərbaycanda uşaq futbolunun inkişafı üçün maliyyə yardımı edə biləcəklərini də deyib.
Yozef Blatter isə “Dalğa Arena”da gələn il 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının keçiriləcəyini qeyd edib. O Azərbaycan yığmasının da həmin yarışda uğurla çıxış edəcəyinə inandığını vurğulayıb: “Müsbət haldı ki, AFFA bu yarışa keçirməyə təşəbbüs etdi. Bu çox önəmli haldı. Sevindirici haldı ki, prezident İlham Əliyev də bu işdə dəstək nümayiş etdirdi. FİFA prezidentliyinə keçirilən seçkilərdə mənə dəstək olduqlarına görə AFFA rəhbərliyinə minnətdaram”.
Blatter məşhur futbol hakimi Tofiq Bəhramovu da yada salıb. Onun sözlərinə görə 1966-cı ildə Bəhramovun Almaniya və İngiltərə yığmaları arasında görüşdə verdiyi qərar tarixi bir andı: “Çox maraqlıdı ki, 2010-cu il dünya çempionatında da bu ölkələr arasındakı oyunda belə bir hal baş verdi”.
AFFA prezidenti isə Azərbaycan yığmasının qarşısına vəzifə qoyulması ilə bağlı deyilənlərə münasibət bildirib: “Hər bir oyunda müsbət nəticə gözləyirik. Məqsəd həmişə yaxşı futbol nümayiş etdirməkdən ibarətdi. İnanırıq ki, komandamız müsbət oyun sərgiləyəcək”.
