8 iyun 2011 02:15
Berti Foqtsun məğlubiyyət sevinci
Futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində 6-cı matçını keçirdi. Azerisport.az xəbər verir ki, komandamız bu seçmə tsikldəki ən güclü rəqiblərindən olan Almaniyanı qəbul etdi.
Qeyd edək ki, Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan ilə eyni qrupda yer alan komandamız artıq bu rəqiblərinin hamısı ilə ilk görüşünü keçirmişdi. Almanlarla görüşlə millimiz bir növ bu seçmə tsiklin ikinci dövrəsinə start vermiş oldu. Baş tutmuş oyunlara gəlincə, ilk dueldə məhz bugünkü rəqibimizlə üz-üzə gəlmiş və səfərdə 1:6 hesablı biabırçı yenilgiylə üzləşmişdik. Ardından Avstriya ilə səfər oyununda da darmadağından qaça bilməmişdik - 0:3. Düzdü, məhz bu oyundan 1 neçə gün sonra evdə Türkiyə üzərində sensasion qələbəyə (1:0) sevinsək də, Belçika (1:4) və Qazaxıstanla (1:2) səfər oyunlarımızda da məğlub olmuşduq. Almaniya isə yığmamızdan fərqli keçirdiyi 6 oyunun hamısını itkisiz, yəni qələbəylə başa vurmuşdu. Yoahim Lövün komandası Bakıda qələbə qazanmaqla, artıq son 3 oyunda uduzsa da belə, AÇ-nin final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş olacaqdı. Odu ki, bu Berti Foqtsun həmyerliləri üçün kifayət qədər prinsipial əhəmiyyətə malik idi. Axı Bundestimin əsas məqsədi AÇ-nin final mərhələsinə vəsiqəni məhz Bakıda qazanmaq idi.
Komandamızda isə hər şey əksinəydi. Foqts həmyerliləri ilə qarşılaşmada sadəcə bəraət haqda düşünürdü. Çünki onun komandası bir neçə gün öncə qrupumuzun autsayderi olan, hələ püşkatmadan bəri 6 xal alacağımızı düşündüyümüz qazaxlara biabırçı şəkildə uduzmuşdu. Millimiz bəlkə də futbol tariximizin ən pis göstəricilərindən biri kimi qəbul edilən Astana faciəsini unutdurmaq üçün Bakıdakı ikinci oyunda da sürprizə imza atmaq fikrindəydi. Düzdü, yəqin ki, almanlara qalib gəlməyimizə heç yığmamızın üzvləri, Foqts özü də inanmırdı. Amma ən azı vuruşub, doğma meydanda 1 xal qazanmaq mümkün idi. Bu, Qazaxıstan məğlubiyyətini tam unutdurmasa da, böyük təsəlli ola bilərdi və futbolçular da, Foqts da müəyyən mənada tənqidlərdən canını qurtarmış olardı.
Yeri gəlmişkən qeyd edək ki, Almaniya millisi Bakıya heç də optimal heyətlə gəlmədiyi üçün bu da komandamız üçün əlavə bir stimul idi. Çünki rəqib komandanın baş məşqçisi Yoahim Löv öncə komandasının düşərgəsinə 23 futbolçu çağırsa da, onlardan qapışı Tim Vize, həmçinin yarımmüdafiəçilər Kristian Traş, Sven Bender, Bastian Şvaynştayger, Marko Roys və hücumçu Miroslav Kloze müxtəlif səbəblərdən Bakıya gətirilən heyətdən çıxarıldı. Bunlardan əlavə Sami Xediranın da bu görüşdə iştirakı gözlənilmirdi. İxtiyarındakı futbolçuların heç “18-liy”i də doldurmadığını görən Bundestimin çalışdırıcısı bu üzdən Bakıya gətirdiyi heyətə iki yeni oyunçu daxil etmək məcburiyyətində qalmışdı.
Millimizin baş məşqçisi Berti Foqtsun isə bu baxımdan problemləri o qədər də çox deyildi. Düzdü, o da Qazaxıstan və Almaniya ilə oyun üçün milliyə çağırdığı AZAL-ın müdafiəçisi Usim Nduka, yarımmüdafiəçisi Aqil Nəbiyev, "Bakı"nın arxa xətt oyunçusu Cəmşid Məhərrəmov, eləcə də "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovu heyətdən kənarlaşdırmışdı. Üstəlik, alman "Neftçi"nin gənc yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadənin xidmətindən imtina etmişdi. Astanadakı oyunda sağlamlığında kiçik problem olan Elnur Allahverdiyev də Bundestimə qarşı forma geyə biləcəkdi. Komandamız üçün ən böyük itki isə məhz oyun ərəfəsində meydana çıxa bilməyəcəyi dəqiqləşən “Qarabağ”ın hücumçusu Rauf Əliyevin yoxluğu idi. Belə ki, Astanadakı qarşılaşmada zədə alan futbolçu məhz almanlarla oyun günü həkim müayinəsindən keçərkən, onun meydana çıxmasına icazə verilmədi. Belədə Foqts düz bir ay meydana çıxmaqdan məhrum olan Raufa əvəzləyici tapmaq məcburiyyətində qalmışdı.
Foqtsun start heyətinə gəlincə, baş məşqçi yenə çərçivəni Kamran Ağayevə həvalə etmişdi. Astanadakı oyunla müqayisədə Vladimir Levin və Maksim Medvedevi ehtiyatda saxlayan alman müdafiə xəttini Rail Məlikov, Rəşad Sadıqov, Vurğun Hüseynov, Elnur Allahverdiyev dördlüyünə həvalə etmişdi. Müdafiəçilərin qarşısında dayaq yarımmüdafiəçisi kimi Ruslan Abışovla Aleksandr Çertoqanov və Rahid Əmirquliyev çıxış edirdi. Astanadakı qarşılaşmada bir qədər inamsız təsir bağışlayan Rəşad Sadiqov isə ehtiyatda qalmışdı. Raufun yoxluğunda irəlidəki yeganə hücumçumuz Vaqif Cavadov idi. Ona sol cinahdan Vüqar Nadirov, sağdan isə Əfran İsmayılov dəstək verirdi.
Artıq itiriləsi heç nəyinin olmadığını, ən azı almanlara qol vurmaqla bəraət qazanmağı hədəfləyən komandamızın ilk dəqiqələrdən hücuma atılıb, rəqibi qapısına sıxışdırması hardasa gözlənilən idi. Məhz bu üzdən komandamızın ilk yarım saatdakı oyunu inamlı olmasıyla yanaşı, müəyyən ümid də verirdi. Ən azı ona görə, güclü rəqibə ənənəvi erkən qol sevinci yaşatmamışdıq. Amma qapımızın toxunulmazlığını fasiləyə kimi davam etdirmək istəyimiz alınmadı. Məhz yarım saatın tamamında Mesut Özil fərdi ustalığı sayəsində çox hiyləgər zərbə ilə belə demək olarsa, türk qardaşlarını qəmə batırdı. Bu qol komandamızı hardasa ruhdan saldı və artıq futbolçularımız başlanğıcdakı istəyi nümayiş etdirə bilmədi. Futbolçularımızın ruh düşkünlüyü isə daha çox rəqibin işinə yaradı və yenə Özilin cinah keçidindən sonra ideal ötürməsinə Mario Qomes üçün sadəcə toxunmaq qalırdı.
Fasilədən sonra da almanlar üstün tərəf idilər. Hətta o dərəcədə üstün ki, rəqibin mərkəz müdafiəçisi olan Filip Lam az qala mərkəz hücumçusu mövqeyində çıxış edirdi. Onun bir neçə dəfə qol vurmaq şansı qazanması, Kamran Ağayevlə üz-üzə qalması da səviyyə fərqinin əsas göstəricilərindən idi. Lakin matçın sonlarına yaxın komandamızın ən azı təsəlli qolu vurmaq istəyi hiss olunmağa başladı. Bu mənada dəyişikliklər də sözünü dedi. Komandamızın heyətində Vaqifi Murad Hüseynov, Əfranı Arif İsayev, Çertoqanovu Rəşad Sadiqov əvəzlədi ki, matçdakı yeganə qolumuzda da məhz bu oyunçuların xüsusi payı oldu. Düzdü, həmin epizodda ilk asma Vüqardan olsa da, Arifin qapı qarşısına təkrar ötürməsini Rəşad Murada verdi və sonuncuya yalnız toru silkələmək qaldı.
Amma bu qoldan sonra futbolçularımızın sevincinin mənasını başa düşmək çətin idi. Xüsusilə də, Foqtsun. Bu sevincimizin nə qədər miskin göründüyünü elə almanların az sonra vurduğu üçüncü qol da sübut etdi. Görünür, ötən seçmə tsikldə həmyerlilərinə iki oyuna 6 qol sevinci yaşadan Foqts bu dəfə əlavə 3 qol da hədiyyə etməsinə sevinirdi. Düzdü, Bundestim bu seçmə tsikldə hələlik cəmi 3 qol buraxıb ki, onların da ikisi məhz millimizin hesabındadı. Amma gəlin razılaşaq ki, 1 xal belə ala bilmədiyimiz rəqibə vurduğumuz təsəlli qoluna sevinmək acizliyin ən yüksək həddidi.
Yenə Foqtsu başa düşmək olar. O, komandasının məğlub olmasına rəğmən, ölkəsinin artıq vaxtından öncə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasına sevincini biruzə vermək üçün məhz həmin andan istifadə edə bilərdi. Bəs bizim futbolçular? Axı onlar cəmi bir neçə gün öncə Astanada Qazaxıstana uduzmuşdular...
AÇ-2012-nin seçmə mərhələsi
А qrupu
7 iyun
AZƏRBAYCAN – ALMANİYA - 1:3 (0:2)
Qol: M.Özil, 30 (0:1), M.Qomes, 41 (0:2), M.Hüseynov, 89 (1:2), A.Şörl, 90+3 (1:3).
Vərəqələr: B.Hövedes, 23, V.Nadirov, 64 – sarı.
Hakimlər: Mixail Koukoulakis, Xristos Baltas, Leonidas Vasileidais, Vasilios Pamporidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
АZƏRBAYCAN: 1. Кamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov (9. Murad Hüseynov, 72), 15. Ruslan Abışov, 8. Aleksandr Çertoqanov (6. Rəşad Sadiqov, 86), 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov (20. Arif İsayev, 58), 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 3. Saşa Yunisoğlu, 18. Maksim Medvedev, 21. Vladimir Levin.
Baş məşqçi: Berti Foqts.
ALMANİYA: 1. Мanuel Noyer, 4. Denis Aoqo, 16. Filip Lam (k), 5. Mats Hummels, 18. Toni Kroos, 13. Tomas Müller (20. Lyuis Holtbi, 89), 10. Lukas Podolski (9. Andre Şörl, 77), 8. Mesut Özil (19. Mario Qotse, 81), 23. Mario Qomes, 14. Holger Badştuber, 21. Benedikt Hevedes.
Ehtiyat oyunçular: 22. Rene Adler, 2. Marsel Şmelser, 3. Arne Fridrix, 17. Sebastyan Rudi.
Baş məşqçi: Yoahim Löv.
| 1 | Almaniya | 7 | 7 | 0 | 0 | 22 | - | 3 | 21 |
| 2 | Belçika | 7 | 3 | 2 | 2 | 15 | - | 10 | 11 |
| 3 | Türkiyə | 6 | 3 | 1 | 2 | 9 | - | 7 | 10 |
| 4 | Avstriya | 6 | 2 | 1 | 3 | 10 | - | 10 | 7 |
| 5 | Qazaxıstan | 6 | 1 | 0 | 5 | 2 | - | 15 | 3 |
| 6 | Azərbaycan | 6 | 1 | 0 | 5 | 5 | - | 18 | 3 |
