8 iyun 2011 17:23
Abşeron Sumqayıtı təmsil edə bilər
“Abşeron” rəhbərliyi ötən mövsümün yekunlarıyla bağlı klubdaxili toplantı keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirbağır İsayev bir daha futbolçulara çempionluq ilində nümayiş etdirdikləri oyuna görə təşəkkürünü bildirərək, yeni mövsümdə də uğurlu çıxış arzulayıb.
Sonra o, futbolçulara çempionata hazırlıq proqramı barədə məlumat verib. İclasdan sonra klubun rəsmi saytına açıqlama verən baş məşqçi qeyd edib ki, komandaya ilk toplanışa qədər kiçik istirahət verilib. Komandadakı yeni planlar barədə sualları cavablandıran İsayeb bu istiqamətdə işlərin getdiyini və yaxın vaxtlarda geniş məlumat verəcəyini vurgulayıb.
Yeri gəlmişkən qeyd edək ki, “Abşeron” yeni mövsümdən Sumqayıtı təmsil edə bilər. Belə ki, klubla “Azərkimya” arasında müqavilə bağlanılması gözlənilir. Belə olan halda “Abşeron” Premyer Liqada məhz gənclər şəhərinin təmsilçisi kimi çıxış edəcək.
