8 iyun 2011 18:25
İnter`in iki futbolçusu Qəbələ`də!
“İnter” daha bir futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu millimizin də şərəfini qoruyan yarımmüdafiəçi Aleksandr Çertoganovla vidalaşıb.
Belə ki, Çertoqanovun klubla imzalanmış müqaviləsinin müddəti başa çatdığından, qarşılıqlı razılıq əsasında yeni sözləşmə bağlamamaq barədə qərar qəbul olunub.
Artıq Çertoqanovun yeni klubu da məlumdu. Belə ki, futbolçu "Qəbələ" ilə anlaşıb. Tərəflər bu gün iki illik rəsmi müqaviləyə də imza atıblar. Maraqlıdı ki, Qəbələ klubu “İnter”in daha bir futbolçusu – Rövşən Əmiraslanovla da müqavilə bağlayıb. Lakin hələlik bakılılar gənc hücumçu ilə yollarını ayırdıqlarına dair rəsmi məlumat yaymaq istəmirlər.
Maraq üçün onu da əlavə edək ki, Əmiraslanovdan öncə “İnter” daha 11 futbolçu ilə - David Odikadze, Filip Despotovski, Kaxaber Mjavanadze, Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Nizami Hacıyev, Jivko Jelev, Mario Souza, Bronislav Çervenka və Danildo Assioliylə də yollarını ayırmışdı.
“Qəbələ” isə Mahir Şükürov (Anji, Rusiya), Vurğun Hüseynov (Turan) və Daniel Lopes Kruzdan sonra (Naval, Portuqaliya) növbəti transferlərini gerçəkləşdirmiş oldu.
