9 iyun 2011 14:45
Vaqif Cavadov üçün növbəti şans
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov yenidən Hollandiyanın “Twente” klubunun əsas heyətinə qayıda bilər. Azerisport.az xəbər verir ki, buna komandanın hazırkı baş məşqçisi ilə yollarını ayırmağa hazırlaşması səbəb ola bilər.
Məsələ burasındadı ki, Enshede klubunun hazırkı çalışdırıcısı Mişel Pryüdom Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Əl-Şabab” komandasının sükanı arxasına keçə bilər. Hazırda tərəflər arasında son danışıqlar gedir və “De Telegraaf”ın xəbərinə görə, böyük ehtimalla belçikalı mütəxəssis tezliklə ərəblərlə müqavilə bağlayacaq.
Xatırladaq ki, Cavadov Hollandiya klubuna ötən ilin qışında transfer olmuşdu. Həmin vaxt komandanın baş məşqçisi infiltərəli Stiv Maklaren idi. Amma mövsümün sonunda o, Almaniyanın “Wolfsburg” klubuna getdiyindən, yerinə məhz Pryüdom gətirildi. Lakin yeni baş məşqçi Vaqifə ehtiyac duymadığından, millimizin hücumçusu “Bakı”ya icarəyə verildi və ötən mövsümü bütünlüklə bu komandada keçirdi.
