9 iyun 2011 15:41
Elxan Məmmədov: Foqts tsiklin sonuna kimi postunda qalacaq
Bu səhər yığma komandamızın baş məşqçisi Berti Foqts Bakını tərk edib. Azerisport.az xəbər verir ki, bu səfər ərəfəsində o, dünən AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
Federasiya rəsmisi Foqtsla görüşü barədə saytımıza açıqlamasında bunları dilə gətirib: “Foqts özü almanlarla oyundan sonra bizimlə görüşmək istədiyini bildirdi. Halbuki, elə ölkəsinin yığmasıyla birgə də vətəninə yollana bilərdi. Amma baş məşqçi qalıb Qazaxıstan (1:2) və Almaniya ilə oyunları (1:3) analiz etməyə üstünlük verdi”.
Maraq üçün xatırladaq ki, Foqts Qazaxıstana məğlubiyyətdən sonra elə Astanadaca AFFA prezidenti Rövnəq Abdullayevə hesabat vermək məcburiyyətində qalmışdı. Elə isə, Foqtsun AFFA rəhbərliyi ilə yenidən görüşünün əsas məqsədi nə ola bilər? Almaniyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib ki, AFFA ilə müqaviləsinin müddətini artırmağı müzakirə edir. Lakin Məmmədov bu informasiyanı təkzib edərək, bu barədə söhbət belə getmədiyini bildirib.
Foqts qarşıdakı müddətdə böyük ehtimalla klublarımızın avrokuboklardakı oyunlarını izləyəcək. Qeyd edək ki, avrokuboklardakı rəqiblərimizi iyunun 20-də tanıyacağıq. Foqtsun ölkəmizə gəlişi isə sadəcə avqustda baş tutacaq. Belə ki, alman həmin vaxt millimizin Macarıstanla yoldaşlıq oyunu öncəsi komandamızı təlim-məşq toplanışına yığacaq. Hansı ki, bu, Belçika və Qazaxıstanla ev oyunları öncəsi son sınaq olacaq.
Məmmədov həmçinin Foqts Türkiyə Futbol Federasiyası tərəfdən maraq olub-olmadığına da münasibət bildirib: “Biz türklərdən heç bir təklif almamışıq. Əgər onlar belə bir istəkdə bulansalar da belə, biz Foqtsla müqaviləmizi göstərəcyik. Foqts tsiklin sonuna kimi postunda qalacaq”.
