9 iyun 2011 18:20
Kazbek Tuayev: Foqts tsiklin sonuna kimi qalmalıdı
Azərbaycan futbolunun veteranlarından olan AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində milli komandamızın son uğursuzluqlarından danışıb.
- Millimizin Almaniyaya qarşı oyunu sizdə necə təsir bağışladı?
- Əgər nəticəni bir kənara qoysaq, futbolçularımızın göstərdiyi oyun mənim xoşuma gəldi. Xüsusilə də ikinci hissədə. Birinci hissəyə də yaxşı başlamışdılar. Amma sonra oyunun ipini rəqibə verdilər və iki qol buraxdılar. Unutmaq olmaz ki, rəqib dünyanın ən güclü komandalarından biri idi. Belə komandaya qarşı nəsə etmək çox çətindi. Özü də almanlar qarşılarına konkret vəzifə qoyub gəlmişdilər. Onlar AÇ-nin final mərhələsinə vəsiqəni erkən həll etmək istəyirdilər.
- Yəni, almanlarla heç-heçə etməyimiz də mümkünsüz idi?
- Foqts müdafiə futbolundan əl çəksəydi, bəlkə də mümkün olardı. Komandamız bu dəfə bir qədər müdafiədən çıxırdı. Amma axıra kimi yox. Rəqib 2:0 öndə olanda artıq arxayın görünürdü. Bax həmin anda almanları tamamilə sıxmaq olardı.
- Sizcə, yığmamız Almaniya ilə oyunda bunu bacarardı?
- Niyə də yox? DÇ-1986-nı xatırlayırsızmı? Onda Argentina almanları 2:0 məğlub etsə də, son saniyələrdə Foqtsun həmyerliləri hesabı bərabərləşdirdilər. Biz sadəcə belə məqamları öyrənmirik. Bu da Foqtsun səhvidi. Uduzursansa, niyə müdafiədə oturursan? Onsuz da məğlubsan, risk etməlisən. Məncə uşaqlar məşqlərdə belə məqamlar üzərində də xüsusi hazırlaşmalıdılar.
- Yığmamızın heyəti ilə bağlı çoxlu müzakirələr gedir. Məsələn, Vaqif Cavadovun start heyətində yer almasının düzgün olmadığı iddia olunur...
- Razı deyiləm. Əksin, Cavadov mənim xoşuma gəldi. O, döyüşürdü, çalışırdı, xarakter göstərirdi. Bundan əlavə oyun təşkilatçılığını da qeyd etmək lazımdı. Müdafiədən hücuma tez çıxa bilirdik.
- Aydın məsələdi ki, uşaqlar Astana faciəsini unutdurmağa çalışırdılar...
- Mənim yarama duz səpməyin də (gülür). Mən bu haqda danışmaq istəməzdim. Astana komanda çox zəif futbol oynadı. Hətta o dərəcədə ki, qazaxlar da bizə qalib gəldi. Bakıda biz mütləq onları məğlub etməliyik. Belə istəklə oynasaq, qələbə bizimlə olacaq. Elə Astanada da ilk 20 dəqiqəni Bakıdakı kimi oynasaydıq, hər şey başqa cür olacaqdı. Lazım olanda oynaya bilirik.
- Sentyabrdakı oyunlar üçün Foqtsa nəyi məsləhət vermək istərdiz?
- Oyun aksentlərini yaxşılaşdırmağı, daha yaxşı hücum etməyi. Qoy Türkiyə ilə oyunu unutmasınlar. Həmin oyunda Foqtsun sifəti yadımdadı. Hətta o da məəttəl qalmışdı ki, yəni uşaqlar belə oyun oynaya bilir. Və hesab edirəm ki, o, ən azı tsiklin sonuna kimi qalmalıdı. Gələcək haqda danışmaq hələ tezdi. Bu tsikli düşünməliyik. Daha aqressiv oynamaq, hücum etmək lazımdı.
