11 iyun 2011 12:02
Vaqif Cavadov sabah Hollandiyaya qayıdır
Milli komandamızın hücumçusu Vaqif Cavadov Hollandiyaya qayıdır. Azerisport.az xəbər verir ki, bu ölkənin “Twente” klubuna məxsus oyunçu gələcək karyerası ilə bağlı suallara məhz Enshededə aydınlıq gətirməlidi.
Qeyd edək ki, "Bakı"da, eləcə də millinin son qarşılaşmalarında sərgilədiyi oyundan sonra Vaqif Cavadovla maraqlanan klublar da ondan gözünü çəkib. Məsələn, "Qəbələ" bir ara onu heyətinə qatmağa çalışsa da, sonda bu baş vermədi. Halbuki ötən yay yarımmüdafiəçini "Bakı" ilə yanaşı, bir çox komandalar "Twente"dən qoparmağa can atırdı. "Zolaqlılar"la icarə anlaşmasının müddəti bitəndən sonra Cavadov müqaviləylə məxsus olduğu "Twente"yə qayıtmalıydı ki, o da məhz bu addımı atmaq məcburiyyətində qalıb.
Lakin maraqlıdı ki, Enshede təmsilçisində də qeyri-müəyyənlikdi. Belə ki, mövsüm başa çatandan sonra komandanın baş məşqçisi Mişel Prüdomm istefa verib. Onun əvəzləyicisinin kim olacağı isə hələ də dəqiqləşməyib.
Vaqifə gəlincə, o, Hollandiyaya sabah - iyunun 12-də yola düşəcək. Vaqifin karyerasını məxsus olduğu komandada, yaxud hansısa başqa klubda davam etdirməsinə isə yaxın günlərdə aydınlıq gəlməlidi.
