11 iyun 2011 00:11
Barcelona`nın baş məşqçisi rəsmən Roma`da
İtaliyanın aparıcı klublarından “Roma”nın yeni baş məşqçisinin kimliyi nəhayət ki, dəqiqləşib. Azerisport.az xəbər verir ki, dünən son çalışdırıcısı Vinçensto Montellanın “Catania”nın sükanı arxasına keçməsindən sonra onsuz da yeni baş məşqçiylə güclənəcəyi dəqiqləşən paytaxt klubunu bundan sonra Luis Enrike çalışdıracaq.
Dünən İtaliya paytaxtına təşrif buyuran ispaniyalı gənc mütəxəssis Romanın eyniadlı klubuyla 2 illik müqaviləyə imza atıb. Bu, İspaniya yığmasının və “Barcelona”nın sabiq yarımmüdafiəçinin məşqçilik karyerasında ikinci komanda olub.
Buna qədər o, “Barcelona”nın B komandasını çalışdırırdı. İspaniyanın birinci divizionunda çıxış edən Enrikenin komandası çempionatı üçüncü pillədə başa vursa da, La Liqada Barsanın əsas komandası çıxış etdiyindən güclülər dəstəsinə çıxa bilməyib. “Roma”nın yeni rəhbərliyi Kataloniya klubunun çalışdırıcısını gətirməklə bu komandanın məhz “Barcelona” kimi baxımlı futbol oynamasına nail olmaq istəyindədi. Elə Luis Enrike de təqdimat mərasimində “canavar”lara hücum futbolu oynadacağını bəyan edib. Maraq üçün xatırladaq ki, “Roma” İtaliyada son illər uğur qazana bilməsə də, sərgilədiyi hücum futbolu ilə çoxlarının zövqünü oxşayırdı.
