12 iyun 2011 17:47
Saşa Stamenkoviç: Neftçi`də hər şey məni qane edir
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Neftçi" PFK Çempionlar Liqasına hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın yeni transferi, serbiyalı qapıçı Saşa Stamenkoviç hazırlıq barədə fikirlərini bildirib:
"Artıq yeni komandamda məşqlərə başlamışam. Burada hər şey məni qane edir. "Neftçi"də çox yaxşı ab-hava hökm sürür. Bilirəm ki, "Neftçi" köklü klubdur, böyük uğurlara imza atıb. Mən də bu komandanın gələcək uğurlarında pay sahibi olmaq istəyirəm. Heyətdəki sağlam rəqabət mənim çox xoşuma gəlir. Qarşıda bizi məsul yarış gözləyir. Çempionlar Liqası ciddi turnirdi və bu yarışa yaxşı hazırlaşmaq lazımdı. İnanıram ki, Avropanın ən sanballı klub turnirində uğurlu çıxış edib, "Neftçi"nin azarkeşlərini sevindirəcəyik".
