13 iyun 2011 16:00
Neftçi`nin baş məşqçisinin vəzifəsi əlindən alındı
"Neftçi" PFK-nın əvəzedici heyətinin baş məşqçisi İqor Getman bundan sonra klubda başqa vəzifəni icra edəcək. Azerisport.az xəbər verir ki, o, artıq flaqmanın məşqçi-seleksiyaçı vəzifəsinə təyin olunub.
Bununla bağlı İqor Getman klubun rəsmi saytına fikirlərini bildirib: "Neftçi" mənim doğma komandamdır. Bu klubda oynadığıma və hazırda işlədiyimə görə, həmişə fəxr etmişəm və bundan sonra da fəxr edəcəyəm. Klubdakı işimlə bağlı rəhbərliklə danışığımız oldu. Bundan sonra fəaliyyətimi məşqçi-seleksiyaçı kimi davam etdirəcəyəm. "Neftçi" rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".
Qeyd edək ki, "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi vəzifəsinə bir neçə namizəd var. Bu istiqamətdə danışıqlar gedir və yaxın günlərdə ətraflı məlumat veriləcək.
