13 iyun 2011 20:11
Vaqif Cavadovu bəyənən və bəyənməyən məşqçilərin günü
Almaniyanın “Wolfsburg” klubundan ayrılan Stiv Maklaren 4 illik fasilədən sonra yenidən vətəninə - İngiltərəyə geri dönüb. Azerisport.az xəbər verir ki, o, Çempionşip komandalarından olan “Nottingham Forest”lə anlaşıb.
50 yaşlı mütəxəssis bu komandayla 3 illik sözləşmə imzalayıb. Qeyd edək ki, bir neçə il öncə Hollandiyanın “Twente” klubunu uzun illərdən sonra çempionluğa qovuşduran bu mütəxəssis İngiltərə milli komandasını və “Middlesbrough”nu da çalışdırıb. Maklaren məhz “Twente”ni çalışdırdığı dövrdə Bakıya da səfər etmiş, “Qarabağ”ı Avropa Liqasında mübarizədən kənarlaşdırmışdı. Amma əvəzində Ağdam klubunun və millimizin hücumçusu Vaqif Cavadovu bəyənərək komandasının sıralarına cəlb etmişdi.
Maraqlıdı ki, bu gün Maklarenlə yanaşı Vaqif Cavadovun “Twente”dəki digər sabiq baş məşqçisi Mişel Pryüdom da yeni klubuyla rəsmən anlaşıb. Qeyd edək ki, bu mütəxəssis Səudiyyə Ərəbistanı klublarından “Al Shabab”la müqavilə imzalayıb. Belçikalı məşqçi komandasının ötən mövsümün son turunda “Ajax”a 1:3 hesabıyla məğlub olmaqla həm çempionluğu əldən verməsindən sonra Hollandiyada qalmaq istəməyib.
Maklarendən fərqli olaraq, Pryüdomun Vaqifə qarşı heç də xoş olmayan münasibət göstərməsini də qeyd edək. Belə ki, məhz Maklareni əvəzləyən bu mütəxəssisin gəlişi ilə Vaqifin “Twente”də qalmayacağı dəqiqləşmiş və millimizin üzvü icarə əsasında “Bakı”ya keçmək məcburiyyətində qalmışdı.
Hazırda Hollandiyada “Twente”nin düşərgəsində olan Cavadov gələcək karyerasını harda davam etdirəcəyini dəqiqləşdirməyə çalışır. Onun müqavilə ilə məxsus olduğu Enshede təmsilçisi isə özünə yeni baş məşqçi axtarışındadı ki, namizədlər arasında Ronald Kuman, Ko Adriaanse və Frank Raykaard kimi adlar var.
