13 iyun 2011 00:17
Yığmamızın Türkiyə ilə oyun üçün əsas vəzifəsi açıqlandı
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Özbəkistana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Rəqibi tanıyırdıq. Ona görə də kəşfiyyata ehtiyac duymadan hücuma atıldıq. Məqsədimiz erkən qol vurmaq idi. Bu planımız da baş tutdu. Birinci hissədə 3 qol vurduq. Bütün futbolçuların oynamasına şərait yaratmaq üçün fasilədə əvəzetmələr etdik. Hesab 4:0 olduqdan sonra, görünür, uşaqlarda arxayınlaşma yarandı. Rəqib də bundan yararlanaraq iki qol vurdu. Qarşımızdakı vəzifə Türkiyə yığması ilə oyuna yaxşı hazırlaşmaq və bu rəqibi məğlub edib finala çıxmaqdı”.
