13 iyun 2011 00:30
Ramiz Məmmədov Atırau`dan getdi
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi istefaya gedib. Azerisport.az xəbər verir ki, komandasının uğursuz çıxışı həmyerlimizin tutduğu postla vidalaşmasına gətirib çıxarıb.
Ramiz Məmmədov bu haqda qərarı komandasının Superliqanın 15-ci turunun “Atırau” ilə ev oyununda qəbul edib. Belə ki, ilk dövrədə səfərdə qolsuz heç-heçəyə nail olduğu son çempion “Tobol”a doğma azarkeşlərinin gözü qarşısında məğlub olması həmyerlimizin gedişini labüd edib. Maraq üçün xatırladaq ki, “Atırau” kubokda da mübarizəni məhz bu komandaya uduzaraq dayandırmışdı. Artıq klub rəhbərliyi onun bu istefasını qəbul edib. Onlar özlərinə yeni baş məşqçi axtarışlarına çıxıblar.
Maraq üçün qeyd edək ki, “Atırau”da Məmmədovla yanaşı onun köməkçisi qismində Elxan Abdullayevlə Mehman Baxışov da çalışırdı. Lakin baş məşqçinin istefasından sonra köməkçilərinin də komandadan ayrılacağı dəqiqdi.
Sonda onu da vurğulayaq ki, Məmmədovun “Atırau”su 15 turdan 15 xalla 9-cu pillədə qərarlaşmışdı. Cəmi 3 oyunda qələbə qazanan, 6 heç-heçə edib, 6 yenilgiyə üzülən komanda 12 qola sevindiyi halda öz qapısında 19 top görmüşdü. Həmçinin kubokda ilk mərhələni keçən “Atırau” növbəti cəhdində “Tobol”a uduzaraq, mübarizəni 1/8 finalda dayandırmışdı.
