14 iyun 2011 18:37
Türkiyə futbolu başsız qaldı
Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgenər vəzifəsindən getdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu gün təşkil etdiyi mətbuat konfransında o, iyunun 29-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.
Bundan əlavə o, vəzifəsindən getməsinin səbəblərini də açıqlayıb: "Bu qərarı almağımda iki əsas səbəb var. Birincisi, yaşadığım yer ilə çalışdığım məkan arasındakı uzaqlıq və bunun ailə həyatımda yaratdığı problemlərdi. Digəri isə Türk futbolunu problemlərə sürükləməyə çalışan insanlara cavabımdı. Düşünürəm ki, öz istəyimlə TFF-dən ayrılmaqla bir ilki gerçəkləşdirmiş oldum. Ümid edirəm ki, gedişim heç də xoş olmayan proseslərin sonunu gətirər və Türkiyə futbolu daha böyük uğurlara nail olar”.
Qeyd edək ki, hazırda federasiya prezidentliyinə 2 namizəd var. Bunlar "İstanbul Böyükşehir Belediyyespor" klubunun prezidenti Göksəl Gümüşdağ və TFF İdarə Heyətinin üzvü, Acıbadəm xəstəxana şəbəkəsinin sahibi Mehmet Əli Aydınlardı.
