15 iyun 2011 14:26
Denis Silva: Gücümüzü Çempionlar Liqasında da göstərəcəyik
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" PFK UEFA Çempionlar Liqasına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri gündə iki dəfə olmaqla baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq keçirlər.
"Neftçi"nin braziliyalı müdafiəçisi Denis Silva hazırlıq prosesi ilə bağlı fikirlərini bildirib: "Hazırlığımız yüksək səviyyədə keçir. Komandada gözəl əhval-ruhiyyə var. Məqsədimiz Çempionlar Liqasında uğurlu çıxış etməkdi. Bu turnirdə zəif rəqib olmur. Bilirik ki, bizi çətin oyunlar gözləyir. Amma qoy, rəqiblər bizdən çəkinsinlər. Çünki "Neftçi"də səviyyəli futbolçular yer alıb. Yerlilərlə legionerlərin sintezindən ibarət gözəl komandamız var. Gücümüzü Çempionlar Liqasında da göstərəcəyik".
