16 iyun 2011 00:04

Klublarımızın yanlış transfer siyasəti

Artıq iyunun 8-dən etibarən klublarımız üçün transfer pəncərəsi açılıb və komandalar öz heyətlərini müxtəlif oyunçularla gücləndirməyə davam edirlər. Azerisport.az xəbər verir ki, hələlik bu mənada bütün klublarımız fəallıq nümayiş etdirməsə də, müəyyən canlanma hiss olunmaqdadı.
 
Biz isə klublardan hansının transfer çalışmalarında daha fəal olduğunu araşdırmağa yox, bu zaman hansı prinsiplərlə çalışmalarına diqqət ayırmaq istərdik. Xüsusilə də legioner futbolçuların seçimində çox anormal sınaq metodlarına əl atılır ki, bu mövzuya toxunmamaq olmur.
 
Aydın məsələdi ki, hər bir baş məşqçi komandasına cəlb etdiyi futbolçunun işinə daha çox yaraması üçün onu yaxından tanımağa məcburdu. Əks halda gələn futbolçular bir neçə oyundan sonra ümidləri doğrultmur, ehtiyatda qalmağa başlayır və cəmi bir dövrəlik çıxışdan sonra vətəninə yola salınır. Arada itən isə klublara buraxılan külli miqdarda pullar olur.
 
Bütün bu anormallıqlarına baş verməsinə isə həmin baş məşqçilərin komandaya götürdükləri legionerləri lazımınca yoxlamaması, yaxından tanımaması səbəb olur. Məsələ burasındadı ki, son illərdə Azərbaycan futbolunda vaxtilə bizim kimi jurnalistika ilə məşğul olan, sonradan isə özünü menecerlik fəaliyyətində sınamağa başlayan xeyli “futbolçu dəllalar”ı peyda olub. Məhz belələrinin əksəriyyət təşkil etdiyi menecerlərlə işləyən məşqçilərimizin çoxu onlardan xeyli sayda futbolçuların diskini alır. Nə qədər qəribə olsa da, həmin mütəxəssislər seçimini də məhz bu disklərdə gördüklərinə əsasən edirlər.
 
Halbuki, hər belə disklərdə adətən futbolçunun ən yaxşı keyfiyyətləri yerləşdirilir. Yəni təbii ki, təqdim olunan oyunçunun müəyyən çatışmazlıqları olsa, bunu həmin disklərdə yerləşdirilmiş videoyazılardan kəsib çıxarmaq da mümkündü. Elə məşqçilərimiz də məhz bu yolla futbolçu seçdiklərinə görə tələb olunan nəticəni qazanmaqda da çətinlik çəkirlər. Oyunçunun əslində disklərdə izlədikləri gücdə olmadığını sonradan başa düşən klublar altı aydan sonra onları yola salmalı olur və yenidən eyni proses təkrarlanır. Yenə ortalıqda batıb-gedən futbolumuza yatırılan külli miqdarda maliyyə vəsaiti olur.
 
Amma əslində futbolçu seçimi belə həyata keçirilməməlidi. Məşqçilərimiz, seleksiyaçılarımız sadəcə “youtube.com”, “facebook.com” və sair kimi internet saytlarında, sosial şəbəkələrdə futbolçu axtarmamalıdılar. Hər bir baş məşqçinin öz seleksiyaçıları olmalıdı və onlar konkret mövqe üzrə oyunçu axtarmaq üçün müxtəlif ölkələrə axtarışa çıxmalıdırlar. Hansısa futbolçu onların tələblərinə uyğun gələcəyi halda isə, onu ən azı bir neçə ay yaxından izləmək lazımdı. Özü də bura təkcə futbolçunun sərgilədiyi oyunu daxil etmək olmaz.
 
Tutaq ki, futbolçu çox yaxşı oyunçu keyfiyyətlərinə malik olsa da, adi həyatda çox intizamsızdı və gələcəkdə böyük problemlərə səbəb ola bilər. Hər bir baş məşqçi isə öncədən aldığı futbolçunun belə özəlliklərindən xəbərdar olmalıdı. Əks halda elə ötən mövsüm AZAL-ın yaşadığı aqibət qaçılmaz olacaq. Hansı ki, Gennadi Bliznyuk sərgilədiyi oyunla xoş təsir bağışlasa da, gecə həyatı və içkiyə qurşanması klub rəhbərliyini onu mövsüm başa çatmamış yola salmağa vadar etdi.
 
Məhz bu və buna oxşar problemlərin yaranmaması üçün hər bir futbolçunun bütün incəliklərinə qədər yoxlanıldıqdan sonra transfer olunması pis olmazdı. Belə olan halda Azərbaycan futbolu da müəyyən qədər dirçəlmiş olar. Əvvəla, ucuz futbolçu kütləsini klublarımıza sırımaqla məşğul olan menecerlər (əgər onların hamısına menecer demək mümkünsə) artıq bu yolla asan pul qazanmağın alınmadığına əmin olar. İkincisi Premyer Liqamızda səviyyəli futbolçuların sayı artar və yerlilərdən ən azı bir baş üstün oyunçuların gəlməsi azarkeşlərin də stadionlara axmasına gətirib çıxara bilər. Ən önəmlisi isə dəyərsiz futbolçulara görə hədər yerə çölə atılan pullara müəyyən mənada qənaət edilmiş olar. Ən azı ona görə ki, belə izlənilib, seçilmiş futbolçular heç də 6 ay sonra yola salınmaz və bir neçə mövsüm transfer olunduğu komandaya fayda vermiş olar.
 
Son mövsüm bu mənada məhz Azərbaycan çempionu olmuş “Neftçi” belə ucuz transferlərə getməməyinin bəhrəsini gördü. “Az olsun, saz olsun” prinsipinə əməl edən paytaxt klubunun rəhbərliyi elə də çox transfer həyata keçirmədi. Alınan futbolçular isə yaxından izlənildikdən sonra komandaya götürüldü. Hər halda Arif Əsədovun seleksiyaçı köməkçilərinin tapıb üzə çıxartdığı Flavinyo, Rodriqinyo, Slavço Georgiyevski, İqor Mitreski kimi futbolçuların qızıl medalların qazanılmasındakı payı böyükdü. Arzu edək ki, “ağ-qaralar”ın bu siyasəti bundan sonra daha da təkmilləşəcək və digər klublarımıza da örnək olacaq.

“Xəzər Lənkəran” son mövsümdə çoxlu transferlərlə yadda qaldı. Xüsusilə qış transfer pəncərəsində cənublular əksəriyyəti rumıniyalı olan xeyli futbolçu aldı. Amma bu transferləri heç də kortəbii adlandırmaq olmaz. Ən azı ona görə ki, baş məşqçi Mirça Rednik vaxtilə birgə çalışdığı bu futbolçuların hər birinin özəlliklərinə bələd idi və onlarla uğur qazanacağına inanırdı. Düzdü, o, komandasını çempion edə bilmədi. Amma gəlin razılaşaq ki, o qədər sayda transfer digər klublarımızdakı kimi kortəbii həyata keçirilsəydi, komandanın nəticəsi daha pis olardı. Hansı ki, “ağ-yaşıllar”ın da məhz elə uğursuzluq yaşayacağı gözlənilirdi. Amma gümüş medala və kuboka sahib çıxan Rednikin komandası onun transfer siyasətinin heç də yanlış olmadığını isbatladı.
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əcnəbi futbolçu almaqda elə maraqlı deyil. Əsasən yerli futbolçulara güvənən mütəxəssis hər gün gözünün önündə olan futbolçuları alanda artıq onun nəyə qadir olduğun tam bilir. Bir-iki legioner gətiriləndə isə, onu hərtərəfli yoxlayır və komandasının ab-havasına uyğun gələn əcnəbinin alınmasına qərar verir.
 
Lakin digər klublarımızda bu baxımdan çox ciddi problemlər qalmaqdadı və bu, nəticələrdə də öz əksini tapır. Amma yaxşı olardı ki, bütün klublarımız ən faydalı və düzgün yolla futbolçu seçiminə üstünlük versinlər. Daha nə öz nüfuzlarını, nə də klubların pullarını çölə atmasınlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.