16 iyun 2011 21:21
Türkiyə çempion, millimiz üçüncü oldu (YENİLƏNİB)
Bu gün Bakıda təşkil olunmuş 17 yaşlılardan ibarət yığmalar arasında Caspian Cup beynəlxalq turnirinin qalibləri müəyyənləşir. Azerisport.az xəbər verir ki, qrup mərhələsində keçirilmiş oyunlardan sonra yarışın son oyun günündə 7-ci, 5-ci, 3-cü və turnirin qalibi adı uğrunda oyunlar keçirilir.
Qeyd edək ki, öncə 7-ci yer uğrunda oyunda öz qruplarında sonuncu pillələri tutmuş Qırğızıstanla Tacikistan üz-üzə gəlib. Taciklər son dəqiqələrdə vurulan yeganə qolla sonuncu olmaqdan yaxa qurtarıblar. 5-ci yer uğrunda oyunda isə Özbəkistan və Qazaxıstan qarşılaşıb. Qazaxlar özbəklərin qapısından 5 cavabsız qol keçirməklə Bakıda beşinciliyi bayram ediblər.
Qrupdakı əsas rəqibi Türkiyəyə uduzaraq finala çıxa bilməyən Azərbaycan millisi isə 3-cü yer uğrunda oyunda Gürcüstanla üz-üzə gəlib. Maraq üçün bildirək ki, gürcülər millimizdən fərqli qrupunun əsas favoriti İspaniya ilə heç-heçə etməsinə rəğmən, finaldan məhrum olmuşdu. Bürünc savaşında əsas vaxtda qalibi müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib ki, daha dəqiq oynayan futbolçularımız üçüncülüyü bayram edən tərəf olublar. Gürcülərin isə iki zərbəsi qeyri-dəqiq olduğu halda, birini də qapıçımız qaytarıb.
Nəhayət, turnirin baş mükafatı uğrunda keçirilən final matçında qardaş Türkiyə və İspaniya yığmaları üz-üzə gəlib. Bu qarşılaşmada da əsas vaxtda qalib müəyyənləşməyib və penaltilərə ehtiyac duyulub. Daha dəqiq olan qardaş ölkə təmsilçisi baş mükafata sahib çıxıb.
Caspian Cup
16 iyun
7-ci yer uğrunda oyun
Qırğızıstan – Tacikistan - 0:1
Şağan Olimpiya İdman Kompleksi
5-ci yer uğrunda oyun
Özbəkistan – Qazaxıstan - 0:5
Dalğa Arena
3-cü yer uğrunda oyun
Azərbaycan – Gürcüstan - 1:1 (1:1) (penaltilərlə - 3:0)
Qol: Coşqun Diniyev, 8 (1:0), Tornike Maçevariani, 26 (1:1)
Dalğa Arena
Final
Türkiyə – İspaniya - 0:0 (penaltilərlə - 4:3)
Dalğa Arena
