16 iyun 2011 17:14
Benuahi AZAL-da qaldı
AZAL-ın mərakeşli futbolçusu Zohair Benuahi komandada qalacaq. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt klubu ən aparıcı oyunçularından olan yarımmüdafiəçi ilə nəhayət ki, razılığa gəlib.
Qeyd edək ki, hələ ötən mövsüm başa çatmamış Benuahinin digər klublarımızın maraq dairəsində olması və AZAL-ı tərk edəcəyi iddia olunurdu. Lakin “təyyarəçilər” də komandanın uğurlarında böyük pay sahibi olan futbolçunu buraxmaq istəmirdilər. Məhz bu üzdən onlar bu günlərdə Bakıya qayıdan oyunçuyla yenidən danışıqlar stolu arxasına əyləşiblər. Aparılan danışıqlar nəticəsində müqaviləsinin müddəti başa çatan Benuahinin məvacibi daha da artırılıb. Nəticədə mərakeşli orta sahə oyunçusu AZAL-da qalmağa razılaşıb.
Tərəflərin yeni anlaşmasının müddətinin 2012-ci ilin may ayında başa çatacağını da vurğulayaq.
