16 iyun 2011 19:16
Xalidu Sissoko: Azərbaycanda yaxşı pul verirlər
"Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko Azərbaycana gəldiyi günləri xatırlayıb, çempionatımızın səviyyəsindən danışıb, eləcə də qazancından heç də narazı olmadığını dilə gətirib. Azerisport.az “zolaqlılar”ın qaradərili qolkiperinin həmin maraqlı açıqlamaları ilə sizi də tanış edir.
“Mənim keçmiş klubum “Janna d`Ark”dakı durumum elə də yaxşı deyildi. O zaman mənimlə bir türkiyəli menecer əlaqə saxladı. Mənə sərfəli təklif etdi. Artıq iki ay sonra mən Azərbaycanda idim. Baxmayaraq ki, uzun müddət ora gedib-getməmək haqda düşündüm. Sonda peşman olmadığımı deyə bilərəm” – deyə, Sissoko ölkəsindən olan jurnalistlərə açıqlamasında qeyd edib.
Qapıçının sözlərinə görə, əvvəllər onun üçün ölkəmizdə bir qədər çətinliklər olub: “Bu, həqiqətən də belədi. Ailədən kənarda yaşamaq, yaxınlarının yanında olmaması, üstəlik soyuq qış – bütün bunlar təbii ki, xeyli çətinliklər yaradırdı. Amma mən bunların hamısına qalib gələ bildim. Çünki başqa yolum yox idi”.
Sissoko “Bakı”dakı maliyyə durumunun onu nə dərəcədə qane etdiyini qısa və lakonik cavabla şərh edib: “Təəssüflənmirəm. Orda yaxşı pul verirlər”.
Xalidu sonda çempionatımızın səviyyəsindən danışıb: Azərbaycan çempionatının səviyyəsi elə də yüksək deyil. Ən azı ona görə ki, burda çıxış etməklə milli komandaya düşmək şansımı da azaltdım. Hələ əsas heyətə düşməyi demirəm. Bütün bunlara baxmayaraq, hər şeyin qaydasında olduğunu düşünürəm”.
