16 iyun 2011 12:22
AZAL-da daha 3 yeni futbolçu
AZAL ölkəmizi təmsil edəcəyi Avropa Liqasının hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi elə Bakıda təşkil olunan təlim-məşq toplanışına daha 3 yeni futbolçu dəvət edib.
Bunlar hamısı Balkan ölkələrinin təmsilçiləridi. Mərkəz müdafiəçisi Neboja Skoplyak və hücumçu Marko Paviçeviç Serbiyadan gəlib. Yarımmüdafiəçi olan Jetmir Sefa isə Albaniyadan dəvət olunub.
Qeyd edək ki, 1987 təvəllüdlü Skoplyakın son klubu "Novi Pazar" olub və bu komandaya kimi "Radnicki" və "OFK Beograd"da forma geyib. Paviçeviç isə 1986-cı ildə anadan olub və son klubu "Sloboda Sevojno" olub. Sefa da gənc futbolçu hesab oluna bilər. Cəmi iki klubda ("Tirana" və "Skenderbeu") top qovmuş bu futbolçu daha çox Albaniyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının şərəfini qorumasıyla diqqət çəkir. O, hətta əsas millidə də çıxış edir.
Adıçəkilən futbolçuların hamısı məşqçilər korpsu tərəfindən baxışdan keçiriləcək və yaxın günlərdə gələcək aqibətlərinə dəqiq aydınlıq gəlmiş olacaq. Maraq üçün xatırladaq ki, hazırda “təyyarəçilər” daha bir serbiyalı hücumçunu sınaqdan keçirir ki, daha öncə gələn Vladimir Cilas artıq bir neçə gün öncə tələbələrdən ibarət komanda ilə 4:3 hesabı ilə bitən görüşdə pokerə imza atmışdı.
