17 iyun 2011 14:55
İnter Almaniyaya dəvət olundu
İyulun 23-dən 25-dək Almaniyanın Qüterslo şəhərində uşaqlar arasında "Opel Fricke Cup 2011" beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 yaş qrupunda (U-9, U-11 və U-13) təşkil olunacaq yarışda Bakı "İnter"inin U-11 komandası (2011-ci il təvəllüdlü futbolçular) da iştirak edəcək.
Turnirin formatı bir qədər mürəkkəbdi. Belə ki, 30 iştirakçı komanda hər qrupda 5 komanda olan 6 qrupa bölünüb və qrupların qalibləri, qruplarda 2-ci yeri və 3-cü yeri tutmuş 6 komandadan əlavə göstəricilərə görə daha üstün olan 4 kollektiv medallar uğrunda mübarizə aparacaq. Qalan 14 komanda aşağı yerlər uğrunda top qovacaq.
Birinci qrup mərhələsinin yekunlarına görə ən güclü komandalar hər qrupda 4 komanda olmaq şərtilə 4 qrupa ayrılacaq. Pley-off mərhələsinə vəsiqəni hər qrupun iki ən yaxşı kollektivi qazanacaq. Sonra 1/4 final oyunları, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalar və final matçı keçiriləcək. Məhz bu sistemlə də birinci qrup mərhələsinin uğursuz çıxış edən komandaları müəyyənləşdiriləcək.
Qeyd edək ki, "İnter" "DSC Delbrück", "BV Westfalia Wickede", "DJK Mastbruch" və "SC Westfalia Herne" klublarının mübarizə aparacaqları qrupa düşüb. Bakı klubu ilk matçını iyunun 23-də keçirəcək. "İnter"in rəqibi "DSC Delbrück" komandası olacaq.
Əlavə edək ki. turnirin reqlamentinə əsasən U-11 komandaları hər hissəsi 10 dəqiqədən ibarət olmaqla iki hissə meydanda mübarizə aparacaq.
"Opel Fricke Cup 2011" turnirində alman klublarından başqa İngiltərə, Çexiya, Polşa, Belçika, Rusiya və Ukrayna təmsilçiləri də iştirak edəcək.
