17 iyun 2011 15:36
Serb hücumçu AZAL-ın təklifindən imtina etdi
AZAL-ın baxışa dəvət etdiyi serbiyalı hücumçu Vladimir Cilas paytaxt klubunda çıxış etməyəcək. Azerisport.az xəbər verir ki, o, “təyyarəçilər”in təklif etdiyi müqavilə şərtləri ilə razılaşmayıb.
Qeyd edək ki, ölkəmizi təmsil edəcəyi Avropa Liqası öncəsi hücum xəttini gücləndirməyi hədəfləyən Nazim Süleymanovun komandasının baxışa çağırdığı ilk futbolçulardan olan Cilas hətta bir sınaq matçında da iştirak etmişdi. O, tələbələrdən ibarət komandayla görüşdə pokerə imza atmaqla, heç də pis hücumçu olmadığını isbatlamışdı. Lakin AZAL rəhbərliyi onu heyətinə cəlb etməkdə maraqlı olsa da, təklif olunan müqavilənin şərtləri serb forvardı razı salmayıb. Buna görə də, Cilas geri qaytarılıb.
Maraq üçün əlavə edək ki, hazırda AZAL-ın düşərgəsində daha 3 futbolçu baxışdadı. Bunlar hamısı Balkan ölkələrinin təmsilçiləridi. Mərkəz müdafiəçisi Neboja Skoplyak və hücumçu Marko Paviçeviç Serbiyadan gəlib. Yarımmüdafiəçi olan Jetmir Sefa isə Albaniyadan dəvət olunub.
