17 iyun 2011 17:20
Arif Əsədov: Bu il belə bir problemimiz yoxdu
"Neftçi" Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Arif Əsədov hazırlıq prosesi ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
"Futbolçuların əhval ruhiyyəsi yüksəkdi. Məşqlərimiz intensiv şəkildə davam edir. Təlim-məşq toplanışı komandanın gələcək yarışlara yüksək səviyyədə hazırlığı üçün çox əhəmiyyətlidi. İyunun 22-dək hazırlığımız İspartada olacaq. Daha sonra Bakıya qayıdacağıq. Bu ayın 26-da isə Avstriyaya yollanacağıq. Hazırlığın ikinci mərhələsində bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Həmin oyunlarda bütün futbolçulara şans veriləcək. İnşallah, Çempionlar Liqasının ilk oyununa komandanı tam hazır edəcəyik".
Arif Əsədov iyunun 20-də keçiriləcək Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi barədə də danışıb: "Hansı komanda ilə düşməyin fərqi yoxdu. Bu gün "Neftçi"nin heyətində yer alan futbolçular sabit oyunu ilə seçilirlər. Komandanın bütün əsas üzvləri bizimlə birlikdədi. Bu, bizim üstünlüyümüzü artırır. Məsələn, ötən il yeni komanda qururduq, bu ilə isə belə bir problemimiz yoxdu. Püşkatmanın nəticəsini gözləyirik. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun və yaxşı nəticə ilə azarkeşlərimizə sevinc bəxş edək".
