17 iyun 2011 18:56
UEFA millimizin üzvlərini mükafatlandırmaq haqda qərar qəbul etdi
UEFA İcraiyyə Komitəsinin iki günlük iclası başa çatıb. Azerisport.az xəbər verir ki, İK-nın ilk günkü iclasında olduğu kimi, bu gün də bir sıra maraqlı və diqqətçəkən qərarlar qəbul olunub.
UEFA rəsmiləri öncə AÇ-2012-nin final mərhələsinin püşkatma vaxtını və yerini müəyyənləşdiriblər. Belə ki, Polşa və Ukraynanın birgə təşkil edəcəyi növbəti qitə birinciliyinin əsas mərhələsinin püşkatma mərasimi bu il oktyabrın 13-də Polşanın Krakov şəhərində baş tutacaq.
Toplantıda qarşıdakı AÇ zamanı komandaların mümkün qazancları da açıqlanıb. Belə ki, final mərhələsinə vəsiqə qazanmış komanda 8 milyon avro qazanacaq. Bundan əlavə qrup mərhələsində hər heç-heçəyə görə 500 min, qələbəyə görə isə 1 milyon avro veriləcək. Hər 1/4 finalçı 2 milyon, yarımfinalçılar 3 milyon, ikinci yerin sahibi 4,5milyon, AÇ-nin qalibi isə 7,5 milyon avro qazanmış olacaq.
İK həmçinin hər ölkənin yığmasında 100-dən artıq oyun keçirmiş futbolçuları da mükafatlandıracaq. Belə ki, həmin oyunçular millisinin hansısa rəsmi ev oyununda UEFA tərəfindən xüsusi xatirə hədiyyələri və medalla təltif olunacaq.
