17 iyun 2011 00:20
UEFA rəsmi qərarı açıqladı
UEFA İcraiyyə Komitəsi 2013-cü ildə baş tutacaq Çempionlar Liqası, Avropa Liqası, eləcə də Superkubok matçının keçiriləcəyi məkanların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq qitənin ən mötəbər turnirlərinin həlledici oyunlarına ev sahibliyi edəcək stadionlar məlumdu.
Belə ki, ÇL-in həlledici oyunu İngiltərədə - Londonun məşhur “Uembli” stadionunda keçiriləcək. Avroliqanın həmin ilki final görüşü isə Hollandiyada – Amsterdamdakı “Amsterdam Arena”da baş tutacaq. Bu iki turnirin qalibi olan klublar isə Superkubok matçında Çexiyada – Praqadakı “Eden” stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, ÇL-in 2011/12 mövsümü üçün final görüşü mayın 19-da Almaniyada – “Münhen Arena”da keçiriləcək. Bundan 10 gün qabaq isə Rumıniyanın Buxarest şəhərində Avroliqanın ən güclü klubu müəyyənləşəcək.
Sonda onu da bildirək ki, İcraiyyə Komitəsinin iclasında həmçinin 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin iştirakçılarının sayı da artırılıb. Belə ki, həmin qitə birinciliyində 16 yox, 24 komanda çıxış edəcək. Turnir çərçivəsində isə 31 yox, 51 qarşılaşma keçiriləcək.
