18 iyun 2011 16:42
Yurgen Klinsman: Azərbaycan millisinə ustalıq çatışmadı
Almaniya milli komandasının sabiq baş məşqçisi Yurgen Klinsman AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizlə qarşılaşan Bundestimin oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, həmyerlilərinin Bakıda çox rahat və bir qədər zəif oynadığını, amma layiqli qələbə qazandıqlarını dilə gətirib:
"Hesab edirəm ki, Almaniya yığması Bakıdakı qələbədən sonra artıq AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanıb. Onlar Azərbaycana qarşı çox rahat oynadılar və qələbə qazandılar. Bu da başa düşülən idi. Çünki Löv meydana döyüşkən heyət buraxmışdı.
Foqtsa gəldikdə isə onun seçim etmək imkanı yox idi. Hiss olunurdu ki, Azərbaycan yığması oyun göstərməyə çalışır. Lakin onların təcrübəsizliyi və ustalıqlarının çatışmaması buna imkan vermədi".
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan - Almaniya oyunu 3:1 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.
