18 iyun 2011 00:05
UEFA bilərəkdən sarı vərəqə alanlara cəzanı sərtləşdirdi
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA), bundan sonra bilərəkdən sarı vərəqə alan futbolçulara qarşı sərt cəzalar tətbiq edəcək. Azerisport.az xəbər verir ki, son vaxtlar belə halların çoxalmasının qarşılığında qitə futbol qurumu belə addım atan oyunçulara 2 matç cəza verəcək.
Maraq üçün xatırladaq ki, Çempionlar Liqasının sonuncu - 2010-2011 mövsümündə İspaniyanın “Barcelona” klubundan Andres İnyesta komandasının Ukrayna “Shakhtar”unu (Donetsk) 5:1 hesabıyla məğlub etdiyi 1/4 final mərhələsinin ilk matçının sonlarında bilərəkdən sarı alaraq, cəzalı duruma düşmüşdü. Revanş matçında oynamayan İnyesta, yarımfinaldakı “Real” (Madrid) matçlarında sarı vərəqə görmə təhlükəsi olmadan forma geymişdi.
Eyni addımı “Real”ın da futbolçuları atmışdı və buna görə cəzalanmışdılar. Həmçinin Hollandiya “Twente”si ilə oynanılan UEFA Avropa Liqasının ilk matçında 2 oyunçusu bilərəkdən sarı vərəqə alan İspaniyanın digər klubu – “Villarreal” da UEFA tərəfindən 60 min avro məbləğində cərimə olunmuşdu.
