19 iyun 2011 00:48
Yığmamızın rəqibi baş məşqçisiz qaldı
Makedoniya yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki uğursuz çıxışı bu komandanı baş məşqçisiz qoyub. Azerisport.az xəbər verir ki, Makedoniya Futbol Federasiyasının rəhbərliyi uğursuz gedişata son qoymaq üçün çıxış yolunu baş məşqçi Mirsad Yonuzu istefaya göndərməkdə görüb.
MFF-nin bu haqda qərarında bildirilir ki, İcraiyyə Komitəsinin iclasında bütün üzvlər yekdilliklə Yonuzun istefasını dəstəkləyiblər. Maraq üçün xatırladaq ki, bu mütəxəssis 2009-cu ildə Sreçko Katanetsi əvəzləmişdi. Buna qədər isə Yonuz Makedoniyanın gənclərdən ibarət komandasını çalışdırmışdı.
Yonuzun rəhbərliyi altında makedoniyalılar Skopyedə keçirilən son oyunda İrlandiyaya 0:2 hesabıyla məğlub olmuşdular. Bu yenilgi isə onları ardıcıl üçüncü, bütövlükdə seçmə mərhələdə isə dördüncü məğlubiyyəti idi.
Maraq üçün xatırladaq ki, Yonuz Makedoniya yığmasına Azərbaycan çempionu “Neftçi”nin şərəfini qoruyan müdafiəçi İqor Mitreski ilə Slavço Georgiyevskini, həmçinin "İnter"dən ayrılan Filip Despotovskini də dəvət edirdi. Makedoniyalıların növbəti rəsmi sınağı sentyabrın 2-də səfərdə Rusiyaya qarşı olacaq. Avqustun 10-da isə makedoniyalılar Bakıda Azərbaycan millisi ilə yoxlama matçında qüvvəsini sınayacaqlar. Yeni baş məşqçinin adı isə İK-nın növbəti iclasında açıqlanacaq. Bir sözlə, Makedoniya millisi Azərbaycanla oyuna yeni baş məşqçiylə çıxacaq.
