20 iyun 2011 15:42
Neftçi üçün tanış və uğursuz rəqib
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" klubuna rəqib olan Xorvatiyanın "Dinamo" klubu bu mövsümü ölkə çempionu kimi tamamlayıb. Azerisport.az xəbər verir ki, ən yaxın izləyicisini 17 xal geridə qoyan Zaqreb təmsilçisi Xorvatiyanın ən titullu klublarındandı.
1945-ci ildə əsası qoyulan klub 4 dəfə Yuqoslaviya çempionu, 7 dəfə Yuqoslaviya kubokunun sahibi, 13 dəfə Xorvatiya çempionu, 11 dəfə Xorvatiya kubokunun sahibi, 4 dəfə Xorvatiya super kubokunun qalibi olmuşdur. 1967-ci ildə Yarmarkalar kubokunu (indiki Avropa Liqası) qazanan klub, 1977-ci ildə Balkan kubokunu qazanmağı bacarıb.
Xorvatiya təmsilçisinin heyətində ötən mövsüm ən sərrast futbolçu braziliyalı yarımmüdafiəçi Sammir olub. 24 yaşlı futbolçu meydana çıxdığı 14 oyunda 10 dəfə fərqlənə bilib.
Xatırladaq ki, bu klub artıq bir dəfə Azərbaycan klubu ilə üz-üzə gəlib. Lakin 2007-ci ilə təsadüf edən həmin duellərdə “Xəzər Lənkəran”la iki oyunun cəmində gülən tərəf Xorvatiya təmsilçisi olub. Belə ki, həm Bakıdakı, həm də Zaqrebdəki qarşılaşmanın əsas vaxtı 1:1 bitdiyindən, əlavə vaxta ehtiyac duyulmuşdu. Həmin əlavə vaxtda 2 qol vuran xorvatlar mərhələ adlayan tərəf olmuşdular.
"Neftçi" üçün yeganə üstünlük isə cavab matçını evdə keçirməsidi.
