20 iyun 2011 17:12
Rəşad Sadıqov: Banga`nın daha hazırlıqlı heyəti var
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində Avropa Liqasının seçmə mərhələsinin ilk dövrəsinin püşkatmasının nəticəsinə görə “Banga” ilə baş tutacaq oyun barədə fikirlərini bildirib.
- Püşkün nəticəsini necə qiymətləndirirsiniz?
- Normal. Bizə yaxşı bir çempionatda çıxış edən və heç də zəif olmayan rəqib düşüb. Onların çempionatı yaz-payız sistemi ilə keçirilir. “Banga” bu mövsüm artıq 15 oyun keçirib və hələ ki, beşinci pillədə qərarlaşıb.
- Artıq informasiya toplaya bilmisiniz?
- Hələki ancaq bunu. Belə bir rəqibə qarşı yaxşı hazırlaşmaq lazımdı. Ancaq formada olmaqla onları keçmək olar.
- Yəqin ilk oyunun səfərdə olması sizi qane edir?
- Vaxt göstərəcək. Əlbəttə, ilk oyunu səfərdə oynamaq yaxşıdı. Ancaq rəqibin daha hazırlıqlı heyəti var. Təəssüf ki, bu qarşılaşmalarda Rauf Əliyev bizə kömək edə bilməyəcək.
- Ağdamlılara bu barədə şikayətlənmək günahdı. Axı artıq üç ildi ki, bir yerdə oynayırsınız...
- Bu amil xeyrimizədi. Ancaq unutmayaq ki, millinin oyunçularının yorğunluğu hələ keçməyib. Bizə bir ay sadəcə özümüzə gəlmək lazımdı. Heç nə etmək olmaz və hazırlaşıb litvalıları keçəcəyik.
- AZAL və “Neftçi”nin rəqibləri haqda nə düşünürsünüz? Onlara müvafiq olaraq “Minsk” və “Dinamo” (Zaqreb) rəqib olub.
- Bütün komandalarımıza uğur arzulayıram. Hətta “neftçilər”in növbəti mərhələyə keçmək imkanı var. Onların heyəti ilə bu, mümkün tapşırıqdı. “Xəzər Lənkəran” dörd il qabaq bu komandaya layiqli müqavimət göstərə bilmişdi.
