20 iyun 2011 00:15
Azərbaycan çempionuna ÇL-də kim rəqib olacaq?
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək tədbirdə Azərbaycan çempionu “Neftçi” də öz rəqibini tanımış olacaq.
Çempionlar Liqasının qarşıdakı oyunlarında ötən mövsüm qrup mərhələsinin iştirakçısı olmuş "Partizan"la yanaşı əsas səbətin sabiq iştirakçıları APOEL, "Sturm", BATE, "Rosenborg", “Maccabi” (Hayfa), HIK, "Maribor" və "Dinamo" (Zaqreb) ilk rəqibini tanıyacaq. Bu doqquz komanda 1979-cu il Avropa Çempionlar Kubokunun finalçısı "Malmö" ilə birlikdə mübarizəni ikinci dövrədən başlayacaq. Bu mərhələdə onlara "Dudelange", "Valletta", "Santa Coloma" və "Tre Fiori" dördlüyündən ən güclü cüt qoşulacaq. Dördlük münasibətlərini müvafiq olaraq iyunun 28/29-u və iyulun 5-6-da müəyyən edəcək. Bu dördlükdən iki komanda əmsallar cədvəlindəki reytinqinə uyğun olaraq ilk seçmə mərhələnin püşkatması zamanı səpələnmiş status alacaq.
İkinci seçmə mərhələnin püşkatması zamanı isə müvafiq status daha yüksək reytinqə malik 17 komandaya şamil olunacaq. Yarışın ilk seçmə mərhələsinin iki qalibi isə səpələnməmiş komandalar səbətindəki 15 komandaya qoşulacaq.
İkinci seçmə mərhələnin oyunları müvafiq olaraq iyulun 12-13-ü və 19-20-də keçiriləcək. Qaliblər iyulun 15-də üçüncü seçmə mərhələnin püşkatmasında iştirak edəcəklər. Bu mərhələdə onlara daha 13 komanda qoşulacaq.
Maraq üçün vurğulayaq ki, “Neftçi”nin ən güclü potensial rəqibi Belarus BATE-sidi. Belə ki, bu komanda ən yüksək reytinq xalına malik olmasıyla digərlərindən fərqlənir. Ən zəif komanda isə İrlandiya “Shamrock Rovers”idi. Qeyd etdiyimiz kimi, Avstriyanı bu turnirdə “Sturm” təmsil edəcək. Maraq üçün xatırladaq ki, “Neftçi” vaxtilə avrokuboklardakı son çıxışı zamanı da məhz bu ölkə təmsilçisi ilə üz-üzə gəlmişdi. Lakin o vaxt UEFA kubokunda çıxış edən “ağ-qaralar”ın rəqibi “Rid” olmuşdu (2007/08 mövsümü).
Siyahıda “Qarabağ”la qarşılaşmış Norveç “Rosenborg”u (2009/10), “Xəzər Lənkəran”la yolları kəsişmiş Zaqreb “Dinamo”su (Xorvatiya, 2007/08), 2008/09 mövsümündə “İnter”lə üz-üzə gələn Serbiya “Partizan”ı, eləcə də ötən mövsüm “Qarabağ”ın mübarizədən kənarlaşdırmağı bacarıdğı Polşa “Wisla”sı da var. Elə vaxtilə “Bakı”nın yolundan asanlıqla kənarlaşdırdığı Litva “Ekranas”ını da tanış rəqib kimi qeyd etmək olar.
Ümumilikdə Çempionlar liqasının 2011-2012-ci il mövsümündə 76 komanda mübarizə aparacaq. Onların 22-si yarışa qrup mərhələsindən başlayacaq. Turnirin finalı 2012-ci il mayın 19-da Münhendəki "Allianz Arena"da keçiriləcək.
Səpələnmişlər:
BATE (Belarus)
Maccabi (Hayfa, İsrail)
Dinamo (Zaqreb, Xorvatiya)
Rosenborg (Norveç)
Partizan (Serbiya)
APOEL (Kipr)
Wisla (Polşa)
Sturm (Аvstriya)
Liteks (Bolqarıstan)
Slovan (Slovakiya)
Viktoria (Çexiya)
Maribor (Sloveniya)
HİK (Finlandiya)
Ekranas (Litva)
Zestafoni (Gürcüstan)
Malmö (İsveç)
Shamrock Rovers (İrlandiya)
Səpələnməmişlər:
Dacia (Moldova)
Punik (Ermənistan)
Borac (Bosniya və Herseqovina)
Mogren (Çernoqoriya)
Skonto (Latviya)
Videoton (Macarıstan)
Bangor City (Uels)
Torshavn (Farer adaları)
Linfield (Şimali İrlandiya)
Tobol (Qazaxıstan)
Flora (Estoniya)
Breidablik (İslandiya)
Neftçi (AZƏRBAYCAN)
Skendija (Makedoniya)
Skenderbeu (Albaniya)
1-ci təsnifat mərhələsinin 2 qalibi
