21 iyun 2011 00:05

Şikayətə əsas olsa da, geriyə yol yoxdu

Artıq avrokuboklardakı təmsilçilərimizin bütün rəqibləri müəyyənləşdi. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” ölkəmizi təmsil edəcəyi Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki, kubokun sahibi “Xəzər Lənkəran” da birbaşa qatılacağı Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı komandanı, AZAL və “Qarabağ” isə həm birinci, həm də növbəti mərhələyə adlayacağı halda ikinci rəqibinin kimliyini bilmiş oldu.

Öncə çempion "Neftçi"nin şanslarından danışaq. Qeyd edək ki, paytaxt klubu bizim üçün tanış rəqib olan Xorvatiya çempionu "Dinamo" (Zaqreb) ilə mübarizə aparmalı olacaq. Qeyd edək ki, "Dinamo" (Zaqreb) 1911-ci ildə yaradılıb və Xorvatiyanın ən titullu klubudu. Komanda 13 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, "Dinamo" 11 dəfə Xorvatiya kubokunu, 4 dəfə isə Superkubokunu qazanıb.
 
Göründüyü kimi, kifayət qədər əzəmətli və güclü rəqi olan “Neftçi”nin rəqibi avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan çempionu ilə qarşılaşacaq. Çünki Zaqreb təmsilçisi 2007/08 mövsümündə də “Xəzər Lənkəran”a rəqib olmuşdu. Həmin vaxt həm Bakıdakı, həm də Zaqrebdəki matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, səfər matçında əlavə vaxta ehtiyac duyulmuşdu. O dövrdə Ağasəlim Mircavadovun çalışdırdığı “ağ-yaşıllar” məhz həmin əlavə vaxtda 2 qol buraxaraq növbəti mərhələyə çıxa bilməmişdi.
 
Lakin “Neftçi” ən azı futbolumuzun son illərdə inkişaf etdiyini və son çempionluğunun təsadüfi olmadığını isbatlamaq üçün bu rəqibini mütləq keçməlidi. Təsadüfi deyil ki, Zaqreb klubu özü də püşkün nəticəsindən narazı qalıb və “Neftçi”ni heç də özləri üçün uğurlu rəqib hesab etmir. Amma hər halda Azərbaycan çempionlu püşkdən daha çox narazı qalmalıdı, nəinki “Dinamo”. Çünki “ağ-qaralar”ın son 5 potensial rəqibi arasında ən güclüsü elə məhz Zaqreb klubu idi. Hər şeyə rəğmən, “Neftçi” üçün bir yol var ki, o da “Dinamo”nu keçməkdi. Hər halda cavab görüşünün evdə olması Azərbaycan çempionu üçün bir üstünlükdü. Səfər matçından sərfəli nəticə ilə dönməklə, evdə növbəti mərhələyə adlamaq mümkündü. Qeyd edək ki, Zaqrebdəki qarşılaşma iyulun 12 və ya 13-də, Bakıdakı cavab matçı isə 19 və ya 20-də keçiriləcək.
 
Avroliqadakı təmsilçimiz AZAL-ın da bəxtinə asan rəqib düşməyib. Düzdü, rəqib avrokuboklarda debüt edəcək yeni yaranmış bir komandadı. Amma nəzərə alsaq ki, bu komanda – “Minsk” son illər futbolu kifayət qədər güclü inkişaf etmiş Belarusu təmsil edir, o zaman “təyyarəçilər”in işinin çətin olduğunu demək olar. Həm də axı elə Nazim Süleymanovun da komandasının avrokubok təcrübəsi böyük deyil. Amma istənilən halda paytaxt klubu bu rəqibini mübarizədən kənarlaşdırmağa borcludu. “Neftçi” kimi AZAL da ilk oyununu səfərdə keçirəcək ki, bu da komandamız üçün çox əla üstünlükdü.
 
Maraq üçün xatırladaq ki, AZAL vaxtilə “Olimpik” adı altında çıxış edərkən bir dəfə Avropa Liqasında çıxış etsə də, 2008-ci ildə baş tutan Serbiyanın “Vojvodina” klubu ilə dueli uğursuz alınmışdı. Belə ki, səfərdə alınan minimal hesablı yenilginin ardından komandamız evdə də 1:1 hesablı bərabərliyə razılaşmışdı ki, bu nəticə də serblərin işinə yaramışdı. Belarus klublarına gəlincə, indiyə qədər heç bir komandamızla yolları kəsişməmişdi və AZAL-la “Minsk” bir ilki gerçəkləşdirmiş olacaq.
 
Yeri gəlmişkən qeyd edək ki, AZAL-ın növbəti mərhələyə adlayacağı halda növbəti rəqibi də məlumdu. Bu, Türkiyənin “Gaziantepspor” klubu olacaq. Düzdü, qardaş ölkə təmsilçisi ilə mübarizə aparmaq heç də asan olmayacaq. Amma hələ qarşıda duran əsas vəzifə “Minsk”i keçməkdi və “təyyarəçilər” bunu bacardığı halda türklərlə oyun haqda düşünmək olar. Türkiyə yığmasını Bakıdan məğlub yola sala bilmişiksə, elə bu ölkəni təmsil edən kluba da eyni aqibəti yaşatmaq olar. Təki istək olsun.

“Qarabağ”a gəlincə, son illər avrokuboklardakı ən uğurlu təmsilçimiz olan komanda məhz bu xidmətinin müqabilində zəif rəqiblə düşəcəkdi ki, belə də oldu. Ağdam klubu Litvanın “Banga” komandasını mübarizədən kənarlaşdırmalıdı. Qarqjday şəhərinin təmilsçisi ötən mövsümü 6-cı pillədə başa vurmasına baxmayaraq, Litva kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanıb. Komanda heyətinə görə də güclülərdən hesab olunmur. Amma istənilən halda Qurban Qurbanovun komandasına rəqibi lazımınca qiymətləndirmək və ciddiyə almaq vacibdi.
 
Maraq üçün onu da xatırladaq ki, indiyə qədər Litva təmsilçiləri ilə avrokuboklarda 2 dəfə üz-üzə gəlmişik və bir dəfə onlar, digərində isə biz sevinmişik. “Qarabağ”dan öncə vaxtilə “Bakı fəhləsi” İntertoto kubokunun 1998/99 mövsümündə “İnkaras”la qarşılaşıb. Səfərdə 0:1 hesablı məğlubiyyətin ardından Bakı təmsilçisi evdə eynihesablı qələbəyə sevinib. Lakin növbəti mərhələyə vəsiqənin sahibini müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulmuşdu ki, daha dəqiq oynayan  Litva təmsilçisi mərhələ adlayan tərəf olmuşdu. 2009/10 mövsümündə isə ÇL-in ikinci təsnifat mərhələsində “Bakı” “Ekranas”la üz-üzə gəlmiş və iki oyunun nəticəsinə görə, mərhələ adlayan tərəf olmuşdu – 6:4.
 
Ağdam klubu “Banga”nı keçkidən sonra qarşılaşacağı növbəti rəqibinin də kimliyini bilir. Bu, Farer adalarını təmsil edən “Streymur” olacaq. Hansı ki, bu komandanı Litva təmsilçisi ilə müqayisədə daha zəif rəqib hesab etmək olar, nəinki güclü. Hər halda Qurbanovun yetirmələri həm “Banga”nı, həm də “Streymur”u keçməyə borcludu.
 
Ən nəhayət, mübarizəyə ikinci mərhələdən başlayacaq “Xəzər Lənkəran”ın şansları barədə. Cənub təmsilçisi birbaşa qoşulacağı ikinci mərhələdə İsrail “Maccabi”si (Təl-Əviv) ilə qarşılaşacaq. Bu komanda sonuncu dəfə 8 il öncə çempion olub. Amma belə uğurlarının sayı kifayət qədər çoxdu.
47 yaşlı baş məşqşi Motti İvanirin rəhbərliyi altında kifayət qədər güclü futbolçular çıxış edir.
 
Lakin rəqib nə qədər güclü, püşk nə qədər ədalətsiz olsa da, indiyə kimi heç vaxt avrokuboklarda ciddi uğur qazana bilməyən “Xəzər Lənkəran” üçün də başqa yol yoxdu. Mirça Rednikin komandası mütləq növbəti mərhələyə adlamalıdı. Axı klub rəhbərliyi də komandanın qarşısına ancaq qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsini qoyub. Cənub təmsilçisinin heç də zəif olmayan heyəti var və transfer üçün xeyli xərc çəkdirən Rednik komandaya çempionluq bəxş edə bilməməsinin qarşılığını məhz bu turnirdə qazanacağı uğurla verməlidi. Bunun üçün yeni transferlərin olacağı da təbiidi.
 
Sonda onu da vurğulayaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də baş tutacaq. İkinci təsnifat mərhələsinin oyunları isə müvafiq olaraq iyulun 14-ü və 21-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.