21 iyun 2011 00:01
Zaqreb Dinamo`su Neftçi`dən çəkinir
Azərbaycan çempionu "Neftçi" UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün ikinci təsnifat mərhələsində Xorvatiya "Dinamo"su ilə görüşəcək. Lakin azerisport.az xəbər verir ki, dünən İsveçrədə keçirilən püşkatmanın nəticəsi Zaqreb klubunun rəhbərliyini heç də sevindirməyib.
Belə ki, püşkatma mərasimindən sonra "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Zaqreb klubunun idman direktoru Zoran Mamiç və Mətbuat və Biznes Layihələri Departamentinin rəisi Pavle Markoviçlə görüşüb. Xorvatiyalılar Elnur Əşrəfoğlu ilə söhbət zamanı püşkün nəticəsindən razı qalmadıqlarını büruzə veriblər:
"Dinamo"nun nümayəndələrinin "Neftçi" haqqında geniş məlumatları var. Onlar komandamızın heyətində ulduz futbolçu Emil Mpenza və güclü braziliyalıların oynamasından xəbərdardılar. Görüş zamanı Zoran Mamiç və Pavle Markoviç "Dinamo"nun stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmadığını bildirdilər. Hətta onu da qeyd etdilər ki, bu amil heyətdəki texnikalı futbolçuların oyununa mənfi təsir göstərir. Ümumiyyətlə, Zaqreb klubunun təmsilçiləri pərişan idilər".
