21 iyun 2011 01:48
Vaqif Cavadov üçün yeni baş məşqçi
Hollandiyanın “Twente” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Enshede təmsilçisi bu yaxınlarda istefa verərək Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şahab” klubunu çalışdırmağa qərar verən Mişel Pryudoma əvəzləyici tapa bilib.
Belə ki, Azərbaycan millisinin şərəfini qoruyan, “Qarabağ” və “Bakı”nın sabiq hücumçusu Vaqif Cavadovun komandasını bundan sonra Ko Adrianse çalışdıracaq. Onun köməkçiləri isə Alfred Şröder, Budeveyn Pahplats və Yuri Malder olacaq.
Qeyd edək ki, Cavadov hazırda Enshededə - “Twente”nin düşərgəsindədi və gələcək taleyini müəyyənləşdirməyə çalışır. O, məxsus olduğu komandayla birgə məşqlər etsə də, komandada qalıb-qalmayacağına yeni baş məşqçi qərar verəcək.
