21 iyun 2011 15:54
“Cütün taleyi Bakıda həll olunacaq”
“Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski Xorvatiya mətbuatına müsahibəsində Çempionlar Liqasında üz-üzə gələcəkləri bu ölkənin təmilçisi Zaqreb “Dinamo”su ilə duel öncəsi şansları dəyərləndirib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu xorvatiyalı jurnalistlərlə söhbətində maraqlı məqamlara toxunub:
“Yurçiç (“Dinamo”nun baş məşqçisi – red.) Skopyedə olarkən, onunla görüşüb, söhbət etdik. İkimiz də bu klubların qarşılaşmağını istəmirdik. Ancaq bu, futboldu. Nə vaxt nədənsə qaçmaq istəyirsənsə, özü səni yaxalayır. Mənə elə gəlir ki, gərgin oyun olacaq. Bu yay “Dinamo”nun hansı transferləri gerçəkləşdirdiyini bilmirik. Ancaq bu, bizim üçün problem deyil. Mənim Qoku Sedleskoq adlı yaxın dostum var. Ondan xahiş edəcəyəm, klubunuz haqda hər şeyi mənə deyəcək”.
Bir ara adı “Neftçi” ilə birgə hallanan, hətta Xorvatiya mətbuatının “Neftçi”nin heyətində olduğunu düşündüyü Aleksandr Qleblə bağlı suala isə Mitreskinin cavabı belə olub: “Bu barədə dəqiq heç nə bilmirəm. Ona görə də bir söz deyə bilmərəm. Sadəcə onu deyim ki, bizə qoşulan istənilən futbolçu komandaya ancaq xeyir verməlidi”.
Qarşıdakı oyun barədə də fikirlərini bildirən makedoniyalı müdafiəçi matçın taleyinin Bakıda həll olunacağını söyləyib: “Əminəm ki, birinci oyun əsl hər şeyi həll etməyəcək. Bakıda “Dinamo”nu cəhənnəm gözləyir. Cütün taleyi Azərbaycanda həll olunacaq”.
