21 iyun 2011 19:00
Ramin Musayev: Klublarımızın dördü də ilk mərhələni keçəcək
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev avrokubokların püşkatmasının nəticəsi haqqında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, rəhbəri olduğu qurumun saytına açıqlamasında bunları dilə gətirib:
“Bəzən KİV-lər yazırlar ki, hansısa komandaya güclü rəqib düşüb və ya hansısa komandaya zəif rəqib düşüb. Əgər komandalar avrokuboklara vəsiqə qazanıblarsa, deməli güclü komandalardılar. Amma mən inanıram ki, bizim komandalarımızın dördü də ilk mərhələni keçəcəklər. Statistikaya baxdıqda görünür ki, ən güclü rəqib “Neftçi”yə düşüb. Amma “Neftçi”nin oyunçularının da hamısı peşəkardılar. Hamısı avrokuboklarda iştirak etmiş oyunçulardı. Ona görə də “Dinamo”ya da “Neftçi” ilə asan olacağını demək olmaz və mən inanıram ki, “Neftçi” cütün taleyini Zaqrebdə ilk oyundaca həll edəcək.
Digər komandalara gəldikdə isə, “Xəzər Lənkəran” mövsüm boyu çox gözəl transferlər həyata keçirib. İsrail komandasının güclü olmasına baxmayaraq, “Xəzər Lənkəran” da öz sözünü deyə bilir. “Xəzər Lənkəran”nın iki oyunçusu – Julius Vobayla Uinston Parksı xüsusi qeyd etmək istərdim. Mirça Rednik də yaxşı məşqçidi, oyunu oxumağı bacarır. Yəqin ki, o, özünün gizli taktikasından artıq istifadə edəcəkdi.
AZAL-ın transferləri bir az zəif oldu. Bir güclü hücumçu alsalar onlar üçün də problem olmaz.
“Qarabağ”ın da transferlərdə aktiv olmadığını vurğulamaq lazımdı. Klub rəhbərliyi Qurban Qurbanovu çətin vəziyyətdə qoydu. Lakin, buna baxmayaraq, inanıram ki, “Qarabağ” bu il də Avropa Liqasında öz sözünü deyə biləcək.
Ümumiyyətlə, çempionatdakı oyunları nəzərə alsaq bütün komandalarımız bizi sevindirməlidilər. Ən azı bir mərhələni keçəcəklərinə inanıram. Əgər qarşılarındakı komandanı zəif bilirlərsə, arxayınlaşmasınlar, güclü bilirlərsə, qorxmasınlar. Qorxaraq oynamaq olmaz – qorxsan rəqibə bununla güc verərəsən. Hər şeyi 90 dəqiqə ərzində eləmək lazımdı. Klublarımıza Avrokuboklarda uğurlar və Azərbaycanı şərəflə layiqincə təmsil etməyi arzulayıram”.
