21 iyun 2011 11:28
Azarkeşlərimizin avrokuboklarda favoriti və autsayderi müəyyənləşdi
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Avrokuboklardakı təmsilçilərimizin hansından daha böyük uğur gözləyirsiz” sualı ilə müraciət etdiyimiz respondentlər öz fikirlərini bildiriblər.
Məlum olub ki, futbol azarkeşlərimiz daha çox Avropa Liqasındakı təmsilçimiz “Xəzər Lənkəran”a daha çox ümid bəsləyir. Düzdü, bu komandaya ilk mərhələdə bir qədər çətin rəqib – İsrailin “Maccabi” (Təl-Əviv) klubu düşsə də, fanatlar məhz Mirça Rednikin komandasından daha böyük uğur gözlədiklərini bildiriblər. Belə ki, respondentlərin 37 faizi (526 səs) “Xəzər Lənkəran” variantını seçib.
Növbəti yerdə isə ölkə çempionu “Neftçi” gəlir. Çempionlar Liqasındakı təmsilçimizin də püşkdə bəxti gətirmədi. Buna baxmayaraq, Xorvatiya “Dinamo”su (Zaqreb) ilə qarşılaşacaq “ağ-qaralar”ın nəinki bu komandanı keçəcəyinə, hətta daha çox uğur qazanacağına da inam var. Belə ki, sorğuya qatılanların 35 faizi (500 səs) məhz paytaxt klubunu seçib.
Nə qədər qəribə olsa da, avrokuboklardakı ən uğurlu təmsilçimiz “Qarabağ”a güvənən az azarkeş var. Bu komandaya 25 faiz (359 səs) inandığını bildirib. Amma Qurban Qurbanovun komandası yenə daha böyük uğur qazana biləcək qüdrətə malik olduğunu isbatlamaq üçün gözəl şansa malikdi. Hər halda ağdamlıların nə ilk mərhələdəki rəqibi Litva “Banga”sı, nə də ikinci mərhələdəki Farer adalarının “Streymur” klubu təmsilçimizi mübarizədən kənarlaşdıracaq gücə malik deyil.
Gözlənildiyi kimi, futbolsevərlərimiz ən az AZAL-a bel bağlayır. Belarus “Minsk”i ilə görüşəcək “təyyarəçilər”ə cəmi 3 faiz (38 səs) ümid bəsləyən azarkeş var. Amma Nazim Süleymanovun komandası da onlara inanmayanların cavabını uğurlu nəticə ilə verə bilər. Hər halda Türkiyə “Gaziantepsor”u ilə müqayisədə “Minsk” keçiləsi rəqibdi.
