21 iyun 2011 12:01
AZAL – Gaziantep üçün asan loxma
Məlum olduğu kimi, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Belarus “Minsk”i ilə düşən AZAL növbəti mərhələyə adlayacağı halda Türkiyənin “Gaziantepspor” klubu ilə qarşılaşmaq hüququna yiyələnəcək. Azerisport.az xəbər verir ki, bu üzdən Türkiyə mətbuatı da bu cütlə bağlı yaxından maraqlanır.
Bu mənada qardaş ölkədən olan həmkarlarımız “Gaziantepspor”un prezidenti İbrahim Kızılla danışıb. Klub rəhbəri ictimaiyyəti və azarkeşləri əmin edib ki, Türkiyəni layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcklər. O, hətta əsas vəzifələrinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu da gizlətməyib.
Komandanın baş məşqçisi Tolunay Kafkas isə Azərbaycan klubu haqda heç bir məlumatının olmadığını, müəyyən qədər Belarus təmsilçisiylə maraqlandığını bildirib. O, əlavə edib ki, bu iki komandanın oyunlarının kassetlərini əldə edib baxmaqla, rəqiblərini incələməyə çalışacaq.
Ən maraqlısı isə odu ki, Türkiyə mətbuatı “Minsk” və AZAL-ı “Gaziantepspor” üçün asan loxma adlandırıb (Gaziantep’e kolay lokmalar).
