22 iyun 2011 14:52
Qarabağ İran çempionu ilə oynayası olmadı
Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” Litva “Banga”sı ilə duel ərəfəsində sınaq matçı keçirməyə bilər. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində İran klubu ilə yoldaşlıq oyunu keçirməyi planlaşdırsa da, bu, baş tutmayıb.
Buna isə son İran çempionu “Sepahan”ın Qızılcahamama gec gəlməsidi. Halbuki, cənub qonşularımız iyunun 20-nə qədər qardaş ölkədə olmalı və həmin gün də “Qarabağ”la qarşılaşmalıydı. Lakin onların səfərinin yubanması ağdamlıları çətin vəziyyətdə qoyub.
İndi “Qarabağ” rəhbərliyi yeni rəqib axtarışlarını davam etdirir. Qurban Qurbanovun komandasının qarşıdakı bir həftə içində bu istəyinə nə dərəcədə nail olacağını isə zaman göstərəcək. Qeyd edək ki, “Qarabağ”ın “Banga” ilə ilk görüşü iyunun 30-da səfərdə olacaq və Ağdam təmsilçisi Litvaya birbaşa Türkiyədən yollanacaq.
